QOCALAR EVİNDƏ QURBAN BAYRAMI... - Sevda BABAYEVA - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









QOCALAR EVİNDƏ QURBAN BAYRAMI... - Sevda BABAYEVA
Tarih: 09.10.2014 > Kaç kez okundu? 2784

Paylaş


Mübariz müəllimlə Səriyyə xanımın zəngi gələndə dan yeri yenicə sökülürdü. Tələsik geyinib küçə boyu vədələşdiyimiz yerə tələsirdim və ürəyimdə bu insanlara da, bir azdan "Koroglu" metrosunun yanında görüşəcəıyimiz digər iki dostuma-Əliqismət müəllimə və Svetlana xanıma da böyük bir minnətdalıq hissi vardı. Bircə kəlməməm, bircə dəvətimlə işi-gücü başından aşan bu şəxslər səhər yuxusuna haram qatıb Könül ziyarətiinə tələsmişdilər... sağ olsunlar!

... Qurbanlarımız kəsilmiş, neçə gün əvvəldən aldığımız hədiyyələr maşınlara yüklənmişdi, gedəcəyimiz yerdə yolumuzu gözləyirdilər. Amma o tanış ünvandaki sakinlərin bundan xəbəri yox idi, sadəcə Qətibə xanımla, Fəridə xanım bu gəlişimizdən agah idilər. Onlarla hər gün əlaqə saxlayır, məsləhətləşir, bəzi dəqiqiləşmələr aparırdiq. Nəhayət təyin olunan gün biz ahıl, kimsəsiz, ürəyi qübar tutmuş 176 insanın könlünü Ziyarət etməyə gedirdik.

Bilgəhdəki Qocalar evi... Əslində rəsmi adı Müharibə və Əmək Əlilləri Pansionatı olan bu mərkəzin indi nə müharibəyə dəxli var, nə də iş yerində aldığı zədədən əlil olanlara...Bura sadəcə atılmış, unudulmuş, bu və ya digər səbəbdən kimsəsiz, baximsiz qalan, Allahin verdiyi ömrü bu müvəqqəti həyatın qonaq evində, birovuz əşyalarının, bir də dünənki xatirələrin əlçatmayan, gerçəkləşməsi namümükün xatirələri ilə baş-başa qalmaq məcburiyyətində olan 176 nəfərin sığındığı ünvandır.

İllər əvvəl, ilk dəfə buradan veriliş hazırlamağa gəldiyim günün bütün detallarını bu gün də xatırlayan-da gözlərim yaşarır. Onda buranın sakinlərinin əksəriyyəti kamera qarşısına çıxmaq, "Doğmalarım, övladlarım məndən imtina ediblər! "-demək istəmirdilər, üzlərini kameradan gizlədirdilər. (Təəssüf ki, indi bir çox mənəvi dəyərlər kimi, adət-ənənələr kimi bu hisslər də yavaş-yavaş unudulur, bir çoxları bura gələnlərin hərəsinə fərqli bir həyat hekayəsi uydurub danışırlar.) İndisə hamısı çəkinmədən kamera və fotoaparat qarşısına həvəslə keçməyə başlayıb.

İndi burda hər şey dəyişilib demək, həqiqəti bütün dolğunluğu ilə əks etdirmir, çünki burada köhnədən qalma yalnız bu ərazini bələdləyən hasarlardı, bir də, fasadını dəyişib yeniləşən bir neçə köhnə tikili.. Bundan başqa demək olar ki, burada hər şey təzədir. Hətta Qocalar evinin indiki görkəmi ilə belə müqayisədə xeyli təmtəraqlı görünən hasarın o tayındakı şəxsi villa da...Pansionatın dənizə baxan tərəfində yeni korpus inşa olunub, həyət tanınmaz dərəcədə dəyişib. İndi bu ərazi dünyaının ən məşhur istirahət guşələri ilə bəhsə girəcək görkəmi ilə baxanların gözünü oxşayır. Əvvəllər iki-üç nəfrin birgə yaşadığı köhnə bina təmirdədir, əvəzində, müasir mehmanxana kompleksini xatirladan yeni korpus fəaliyyətədədir, sakinlərin hamısı bütün məişət və sanitar şəraiti olan bir nəfərlik otaqlarda yaşayir. Geniş, işiqlı, rahat yeməkxana və mətbəx də burada vəziyyətin yaxşı mənada dəyişdiyinə sübutdur. Mətbəx məsələlərinə cavabdeh olan Naibə xanım ürəklə bura gələnləri mətbəxlə üzbəüz otağa dəvət edib səliqə ilə rəflərə düzülmüş qida məhsullarına, dolu qutulara işarə ilə:

- Bura da mənim anbarımdır, istifadə etdiyimiz məhsulları burada saxlayiram,-deyir,-hər şey tərtəmiz, hər şey tər-təzə.

Qocalar evinin direktoru Qətibə xanımla söhbətimizə tez-tez fasilə vermək məcburiyyətində qalırıq. Vaxtaşırı bura baş çəkən vətəndaşlar gətirdikləri sovqatı Naibə xanımın "anbarına" daşıyır, çoxusu heç kəmliyini belə söyləmədən, səssizcə uzaqlaşırlar.

Bizsə, bu Qurban bayramının ilk gününü məhz bu insanlarla bir yerdə qeyd etməyə gəlmişik, bizim üçün nə qədər çətin və ağir olsa da!!!

Saat 14-də Qocalar evinin sakinləri yeməkxanaya toplaşır və mənim köhnə tanışlarım qollarını açıb üstümə gəlirlər. Səmimi görüşürük, ötən illərdə AzTV-də hazırladığımız verilişləri xatırlayırıq. Adını və tale hekayəsini unutmadıqlarımın bir çoxu gözümə dəymir...Görün bir aradan neçə il ötüb. Onlar səssiz-səmirsiz, qəlbləri nigaran, gözləri yolda, qulaqları səsdə, özgə çiyinlərdə son mənzilə köçüb...təəssüf!

Nahar yeməyi tamamlanan kimi aparıcılıq missiyasını etibar etdiyimiz Gənc Tamaşaçılar teatrının aktyoru Elnur Kərimov salona toplaşanları müqəddəs Qurban bayramı münasibəti ilə təbrik edir, Azərbaycan Dövlət Musiqi Teatrının direktoru Əliqismət Lalayev və çalışdığı kollektivin rəhbəri Mübariz Həmidovla birgə hər iki sənət məbədinin aktyorlarından bir qrupunun ahıllarla görüşə gəldiyini söyləyir, bura böyük həvəslə gələn hər bir gəncin onların övladı, nəvəsi olduğunu vurğulayır. Aparıcı ilk olaraq müğənni Mətanət İsgəndərlini dəvət edir. Dəfələrlə burada məskunlaşan insanların görüşünə gəldiyini vurğulayan Mətanət xanım öz nəğmələri ilə məclisə bir canlanma gətirir. Nigaran üzlərdə təbəssüm görünür, titrək, yorğun qollar açılır, gücdən düşmüş ayaqlar musiqinin ahənginə uyğun yavaş-yavaş hərəkət edir. Musiqi Teatrın rəqqasları da onlara qoşulur, ortalıq bir rəqs meydanına çevrilir, beləcə sükut və həyacan buzu əriyir. Bayram əhval-ruhiyyəli konsertdə respublikanın əməkdar artistləri Gülüstan Əliyeva, Nərgiz Kərimova, Səidə Şərifəliyeva, vokalçi Şaban Cəfərov öz mahnıları ilə məclisə şuxluq gətirirlər. Xalq artisti Yasin Qarayev, əməkdar artistlər Naibə Allahverdiyeva, Əkbər Əliyev, aktyorlar Günel Məmmədova və Elnur Hüseynov tamaşalardan fraqmentlər göstərirlər. Salonun reaksiyasından bəlli olur ki, bütün yaşantılara rəğmən bu insanların daxilindəki həyat eşqi, yaşamaq həvəsi heç də tükənməyib.

Sonda Qocalar evinin direktoru Qətibə Əsədova qayğıya və diqqətə möhtac qalan bu insanlara bu müqəddəs gündə mənəvi dəstək göstərməyə gələnlər kollektivlərə, müğənni və ifaçılara, teatrların rəhbərlərinə və bu xeyirxah təşəbbüsə qoşulan ayrıayrı insanlara minnətdarlığını bildirir, yaşlılara göstərdikləri diqqət və qayği üçün təşəkkür edir.

Görüş üçün nəzərdə tutlan proqram başa çatır. Bu bayram süfrəsində ahıllarla bərabər yediyimiz plovun dadı damağımizda (pansionatın baş aşpazı Validə xanıma da bir təşəkkür borcumuz var), baxdığımız səhnəciklərin təəssüratı yaddaşımızda, dinlədiyimiz mahnıların sədası qulaqlarımızda növbəti bir görüş arzusu ilə Qocalar evinin sakinlərindən ayrılırıq.

Bu görüşün gerçəkləşməsi üçün ən ufaq bir əməyi olanların da zəhmətini hörmətlə vurğulmağı özümə borc bilirəm.Səhərin alatoranında Əliqismət Lalayevlə və Mübariz Həmidovla görüşə tələsəndə ağlımdan keçən misralar yenə yaddaşımı döyəcləyir: Yüz Kəbədən yüyrəkdir, bir Könül ziyarəti...Allah ziyarətinizi qəbul eləsin, dəyərli dostlar!

... Maşına əyləşəndə Musiqili Teatrın əməkdaşı Hüseyni gözlərinin yaşını silən görürəm. Çox tanış mənzərədir. İllər boyu, hər dəfə verilişin çəklişi bitəndə rejissorumuz Elxan Məsumov da, operatorları-mız da, texniki işçilərimiz də beləcə göz yaşlarını bir-birindən gizlətməyə çalışıb evlərinə dağılışardı. Hər birimiz bu atılmış, unudulmuş insanların taleyində özümüzü günahkar sayardiq, evdə valideynlərimizə sarılmağa tələsərdik..

Hüseynin son kəlmələri qulaqlarımda Anamın divardan asılmış şəklini öpürəm: kaş quruca nəfəsin gələydi, amma səni bağrıma basib ətrini ciyərlərimə çəkmək şansım olaydı, Ana, kaş...