Musiqili Teatrın kollektivi Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya müraciət etmişdir - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Musiqili Teatrın kollektivi Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya müraciət etmişdir
Tarih: 15.07.2014 > Kaç kez okundu? 2773

Paylaş


Azərbaycan Respublikasının əməkdar artisti, mərhum Xanım Qafarovanın iş yoldaşları – Dövlət Musiqili Teatrının kollektivi Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevaya minnətdarlıq məktubu göndərmişdir. Məktubda deyilir:

“Əzizimiz Mehriban xanım!

Şəfqəti, məhəbbəti, səmimi münasibətləri və gündəlik ünsiyyətləri az qala yoxa çıxmağa başlayan bu mürəkkəb dünyada indi insanları təəccübləndirmək və heyrətləndirmək o qədər də asan məsələ deyil. Bir yandan gündən-günə ahəngi pozulan təbiətin bəlaları, bir yandan yer üzünün xəritəsini yenidən öz xeyirlərinə cızmağa can atan, bəşəriyyətə ağalıq iddasında olan ölkələrin və onların rəhbər-lərinin insanlığın əleyhinə yönəlmiş əməllərinin acı nəticələri, bir yandan elm və texnikanın cəmiyyətin inkişafından çox, onun manqurtlaşmasına, təklənməsinə, insanlığın itirilməsinə, robotlaşmasına yönələn planlarının addım-addım gerçəkləşdiyi bir dövrdə bu olduqca çətin bir işdir!

Amma dəyərli Mehriban xanım, siz bunu bacarırsınız! Həyatının ən çətin məqamında, olumla ölümün sərhəddində çarpışanların, doğmalarının, xüsusilə də körpə balalarının əlini buraxıb getmək istəməyənlərin ən kritik məqamında Siz öz şəfqət qanadlarınızı onların üstünə gərirsiz, dərdlərinə dərman, xəstəliklərinə əlac arayırsınız.

Son illər Heydər Əliyev Fondunun və şəxsən Sizin dəstəyinizlə həm ölkəmizdə, həm də dünyanın ən məşhur klinikalarında müalicə olunub ailəsinin yanına qayıdanların Sizə duası və şükranlığı sonsuzdur. Siz xüsusulə mədəniyyət işçilə-rinin, ömrü məşqlərdə, səhnələrdə keçən, umacağı bir dəstə gül və tamaşaçı alqışından başqa heç nə olmayanların əsl himayədarına çevrilmisiniz, bir çoxları Sizin xeyirxah əməllərinizdən bəhrələnib, ağır xəstəliklərə düçar olanlar qayğınız və maddi dəstəyinizlə xaricdə müalicə kursu keçib, sağlamlıqlarına qovuşublar.

Siz növbəti dəfə bir Ananın - körpə balasına toxunmağa belə ehtiyat eləyən, onun yanında ölməyi özü üçün günah sayan bir Qadının köməyinə yetişdiniz! Siz də Anasınız və hər kəsdən yaxşı bilirsiniz ki, bir qadın üçün dünyada ən byük sevinc övladdır və insan, dünyaya gətirdiyi, həyat verdiyi balasını tək-tənha taleyin ixtiyarına buraxıb getməz, gedə bilməz! Bizim teatrın aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti Xanım Qafarova da heç ölmək istəmirdi, neçə illər idi ki, ağır xəstəliklə vuruşur, ölümə qalib gəlmək üçün canıyla çarpışırdı. Siz onu əvvəlcə Türkiyədə müalicə etdirdiniz. Məhz Sizin qayğı və şəfqətinizlə o, daha bir neçə ay yaşaya bildi. Lakin bu yetmədi. Vəziyyətinin ağırlaşdığını biləndə Siz onun müalicəsinin İsraildə davam etdirilməsi üçün göstəriş verdiniz. Təəssüf ki, səfərə hazırlıq ərəfəsində Xanım Qafarova dünyasını dəyişdi.

Lakin Siz yenə də onun ailəsini tək buraxmadınız. Son ana qədər Xanım Qafarovanın doğmalarını diqqətdə saxladınız və ən ağır məqamlarda ailənin bütün qayğısını çəkdiniz, dəfn mərasimi, yas mərasimi zamanı onları çətinlik çəkməyə qoymadınız.

Biz, Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi olaraq Sizə bu xeyirxahlığınız, diqqət və qayğınız üçün minnətdarıq.

Əziz Mehriban xanım! Allah Sizi xeyirxah əməllərinizə görə mükafatlandırsın! Bizim təşəkkür və minnətdarlığımızı lütfən qəbul edin!



Hörmət və minnətdarlıq hissi ilə,

Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi”