Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
Tarih: 22.05.2014 > Kaç kez okundu? 2967

Paylaş


Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı



PRESS- RELIZ



Akademik Milli Dram Teatrı Makedoniyada keçiriləcək Milli Teatrların Beynəlxalq Monotamaşalar Festivalında iştirak edəcək



Akademik Milli Dram Teatrının dünya teatr məkanına inteqrasiyası istiqamətində işləri davam edir. Son illər ərzində Akademik Teatrın nüfuzlu beynəlxalq teatr festivallarında iştirakı, ölkədaxili və xarici qastrol səfərləri intensiv xarakter alıb. Teatr tariximizə nəzər salsaq, görərik ki, bu günə qədər heç vaxt teatrımız bir ay ərzində 3 beynəlxalq festivalda iştirak etməyib. Dünya teatr məkanına inteqrasiyanı, beynəlxalq əlaqələrin qurulmasını fəaliyyətinin prioritet istiqamətlərindən hesab edən Akademik Milli Dram Teatrı Azərbaycan teatrının dünya teatr məkanında tanınması, dünyanın qabaqcıl teatrları ilə möhkəm qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində ardıcıl səylər göstərir, müntəzəm şəkildə beynəlxalq layihələrdə iştirak edir.

Xəbər verdiyimiz kimi, may ayı ərzində Akademik Milli Dram Teatrı artıq Adanada keçirilən Sabançı Beynəlxalq Teatr Festivalında və Konyada “Min nəfəs, bir səs” Türkdilli Dövlətlərin Beynəlxalq Teatr Festivalında böyük uğurla iştirak edib. Teatrın kollektivi növbəti beynəlxalq teatr festivalına – Makedoniyanın paytaxtı Skopyedə keçirilən Milli Teatrların Beynəlxalq Monotamaşalar Festivalına getməyə hazırlaşır. 25 may - 5 iyun tarixlərində keçiriləcək festivalda teatrımız Vladimir Zuyevin “Sülh göyərçini” pyesi əsasında hazırlanmış “Mən... Biz...” adlı monotamaşa ilə çıxış edəcək. Tamaşanın quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı Anar Əliyev, musiqi tərtibatçısı Kamil İsmayılovdur. Pyesin tərcüməçisi və ifaçı Əməkdar artist Ayşad Məmmədovdur. Bir hissəli mono reportaj janrında hazırlanan tamaşanın qısa məzmunu belədir: komplekslərlə böyüyən 50 yaşlı birisi anası öldükdən sonra xatirələrlə yaşayır, övladları ilə əlaqə yaratmaq, səhvlərini düzəltmək istəyir. Nəticədə həyatındakı boşluqlardan bezib, intihar edir. 48 dəqiqə davam edən monotamaşa həyatı komplekslər üzərində qurulan insanların faciəli həyatından bəhs edir. Rejissor ideyasına görə, cəmiyyətdə, ailədə kompleksli insanları böyütmək günahdır, çünki onlar cəmiyyətin diri ölüləridir. Komplekslərlə, bivec, mərhəmətsiz böyüdülən insan gələcəkdə cəmiyyətdən təcrid, lüzumsuz, gərəksiz həyat ilə barışan, ölümünü gözləyən insanlardır.

Festivalda Akademik Milli Dram Teatrının tamaşası 28 may tarixində - Respublika Günündə Makedoniya Milli Teatrının səhnəsində nümayiş olunacaq. Şərqdə ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündə Akademik Milli Dram Teatrı bir çox xarici ölkələrin teatrlarının iştirak etdiyi Beynəlxalq Festivalda “Mən... Biz...” tamaşasını təqdim edəcək.





Qeyd: Kollektiv 30 may tarixində festivaldan qayıdacaq. Ətraflı məlumat üçün elektron poçt və telefon vasitəsilə əlaqə saxlaya bilərsiniz.



Əməkdaşlığa görə media nümayəndələrinə təşəkkür edirik!



Elçin Cəfərov

Akademik Milli Dram Teatrının mətbuat katibi





Əlaqə:

e-mail: elcin_yug@mail.ru

+994 12 596 45 39

+994 55 606 03 93

+994 70 606 03 93

---

Akademik Milli Dram Teatrı bölgələrə qastrol səfərlərinə çıxıb



Akademik Milli Dram Teatrı beynəlxalq festivallarda və xarici qastrol səfərlərində iştirak etməklə yanaşı ölkədaxili qastrol səfərlərinə böyük əhəmiyyət verir. Kollektiv 21-25 may tarixlərində Yevlax, Mingəçevir, Tovuz, Gəncə, Şəmkir şəhərlərində qastrolda olacaq. Teatr qastrolda C.Məmmədquluzadənin eyniadlı pyesi əsasında hazırlanmış “Anamın kitabı” dramını və “Danışan gəlincik” uşaq tamaşasını nümayiş etdirəcək.

“Anamın kitabı” tamaşasının quruluşçu rejissoru H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmov, quruluşçu rəssamı Ülviyyə Zərbəliyeva, musiqi tərtibatçısı Həmid Kazımzadədir. Tamaşada rolları Əməkdar Artistlər Ayşad Məmmədov (Rüstəm bəy), Kazım Həsənquliyev (Mirzə Məhəmmədəli), Aslan Şirin (Səməd Vahid), Şəlalə Şahvələdqızı (Gülbahar), Mirzə Ağabəyli (Mirzə Zeynal), Firuz Xudaverdiyev (Məşədi Cəfər, Hambal), İradə Həsənova (Zəhra Bəyim), aktyorlar Anar Heybətov (Aslan bəy), Hikmət Rəhimov (Mirzə Baxşəli), Ramin Şıxəliyev (Hüseyn Şahid), Şəhla Əliqızı (Gülbahar), Dilarə Nəzərova (Zivər xanım), Elnar Qarayev (Qənbər), Mətləb Abdullayev (Mirzə Həsən), Vüsal Mustafayev (Teymur bəy), Rəşad Bəxtiyarov (Senzor), Cümşüd Zeynalov (Polis) və Əlləz Əhmədov (Polis) ifa edirlər.

Tamaşanın əsas ideyası Vətənə, xalqa, ana dilinə sadiq olmağa çağırışdır. Əsərdə müxtəlif dövlətlərə meyli olan ziyalıların səhv yol tutduqları tənqid olunur.

"Anamın kitabı" tamaşası yüksək ideyasına və dərin məzmununa görə də böyük tərbiyəvi əhəmiyyət daşıyır.

A.Şaiqin əsəri əsasında hazırlanan “Danışan gəlincik” tamaşasının quruluşçu rejissoru Loğman Kərimov, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı, rəqslərin quruluşçusu Nigar Güləhmədova, rejissor assistenti Dilbər İsmayılovadır. Tamaşada Əməkdar artist Şəlalə Şahvələdqızı (Mürəbiyyə), aktyorlar aktyorlar Rəşad Bəxtiyarov (Xidmətçi, Siçan), Elnar Qarayev (Padşah, Çoban), Günel İmanova (Şahzadə, Tıq-tıq) və Xədicə Novruzlu (Gəlincik) çıxış edirlər.

***

“Əmir Teymur” gəlir…



Akademik Milli Dram Teatrında yeni tamaşanın məşqləri yekunlaşmaq üzrədir. H.Cavidin “Topal Teymur” dramı əsasında Mehriban Ələkbərzadənin hazırladığı tamaşa “Əmir Teymur” adı ilə tamaşaçılara təqdim olunacaq.

H.Cavidin “Topal Teymur” beş pərdəli dramı 1925-ci ildə yazılıb, 1926-cı ildə çap olunub. Elə çap olunduğu ildə də tamaşa qoyulan dram əsəri həmişə ədəbiyyat və incəsənət xadimləri, eləcə də tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Bu dəfə Akademik Milli Dram Teatrının kollektivi pyesə tamamilə fərqli baxım bucağından yanaşmaq, dövrlə səsləşən maraqlı səhnə əsəri yaratmaq istəyindədir.

Tamaşanın quruluşçu rəssamı İlham Elxanoğlu, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənov, bəstəkarı Aygün Səmədzadədır. Rəqs və döyüş səhnələrini Əməkdar artist Pərviz Məmmədrzayev qurub.

Quruluşçu rejissor, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə Əmir Teymur rolunu Xalq Artisti Nurəddin Mehdixanlıya həvalə edib. Digər rollarda Xalq artisti Rafiq Əzimov (Şeyx Buxari), Əməkdar artistlər Mətanət Atakişiyeva (Dilşad), Kazım Həsənquliyev (Divan bəyi), Münəvvər Əliyeva (Meliça), Elşən Rüstəmov (Əlipaşa), Kazım Abdullayev (Şair Kirmani), aktyorlar Rövşən Kərimduxt (Aqbuğa), Anar Heybətov (Orxan), Şəhla Əliqızı (Almas), İlahə Həsənova (Olqa), Yıldırım Bayazid (Hikmət Rəhimov), Elçin Əhmədov (Sobutay), Elnur Qədirov (Qaraquş), Cümşüd Zeynalov (Dəmirqaya), Əlvida Cəfərov (Nazimağa), Nigar Güləhmədova (Köylü qadın), Elgün Həmidov (Cücə) və başqaları çıxış edirlər. Tamaşanın premyerası may ayının ikinci yarısına nəzərdə tutulub.