“KOSOVONU BAŞQA CÜR TƏSƏVVÜR EDİRDİM” - Dr. Əhməd ŞAHİDOV - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









“KOSOVONU BAŞQA CÜR TƏSƏVVÜR EDİRDİM” - Dr. Əhməd ŞAHİDOV
Tarih: 07.06.2010 > Kaç kez okundu? 4659

Paylaş


Əhməd Şahidov: “Türkiyənin Turan və İslam birliyi uğrundakı mücadiləsi danılmazdır”

Bildiyiniz kimi Balkan ölkələrinə səfər edən gənc elm adamı, filologiya üzrə fəlsəfə doktoru Əhməd Şahidov Kosovoda təşkil olunan beynəlxalq elmi sempozyumda çıxış etmişdir. Türkiyənin Sakarya Universiteti və Kosovonun Priştina Universitetinin birgə təşkil etdiyi bu sempozyumda Balkanlardakı tarixi ictimai-siyasi münasibətlərdən və Türkiyənin bu regionla bağlı siyasətindən danışan Əhməd Şahidov müxbirimizə səfərlə bağlı təəssüratlarını bölüşdü. Qeyd edək ki, 31 May 2010-cu il tarixində Kosovonun Prizren şəhərində “İkinci Beynəlxalq Balkanlarda Sosial Elmlər Sempozyumu” keçirilmişdir.Azərbaycan Respublikasının rəsmi olaraq Kosovo Respublikasının müstəqilliyini tanımadığını bildirən Əhməd Şahidov söhbətə belə başladı: “Əvvəla onu qeyd edim ki, Yuqoslaviyanın parçalanmasından sonra yerində səkkiz kiçik dövlət yaranmışdır. Onlardan bəzilərinin müstəqilliyini tanısa da, Azərbaycan bir dövlət olaraq Kosovo və Çernoqoriyanın müstəqilliyini tanımayıb. O səbəbdən bir Azərbaycan vətəndaşı olaraq içimdə bir narahatçılıq var idi. Gömrükdə mənə necə münasibət bəslənəcəyini maraqla gözləyirdim. Gözlədiyim də başıma gəldi. İstanbuldan Kosovonun paytaxtı Priştina şəhərinə endik. Məndən başqa, Dövlət İqtisad Universitetinin iki gənc alimi – Elşən Bağırzadə və Fariz Əhmədov da var idi. Gömrükdə dərhal bizi saxladılar və sorğu-sual üçün otağa dəvət etdilər. Maraqlısı odur ki, hava limanında təkcə Kosovo polisi deyil, “Avropa polisi” nişanlı polis əməkdaşları da var idi.”

Əhməd Şahidovun sözlərinə görə, ona Kosovoya niyə gəldiyini, haralarda olacağını və neçə gün qalacağını soruşurdular: “Bildirdim ki, beynəlxalq elmi konfransa dəvət olunmuşam və Priştina Universitetində çıxışım var. Kimliyimi təqdim etmək üçün Rusiya Prezidenti Adminstrasiyasının verdiyi tələbə vəsiqəmi də göstərdim. Bundan sonra vəziyyət daha da gərginləşdi. Rusiya bir dövlət kimi Kosovonun müstəqilliyini tanımadığı üçün daha çox suallar verməyə başladılar. Polislər Kosovonun Xarici İşlər Nazirliyi ilə əlaqə saxladıqdan sonra məni ölkəyə buraxmaq qərarına gəldilər. Buna oxşar hadisə Kosovodan Çernoqoriya ərazisinə keçəndə də baş verdi. Orada da bir saata yaxın Çernoqoriya sərhədçilərinin suallarını cavablandırmalı olduq.”



Ümumiyyətlə, Balkanlara səfərini çox uğurlu qiymətləndirən Əhməd bəy indiyə kimi bu region barədə bildiklərini yenidən nəzərdən keçirdiyini və bir sıra ciddi redaktələr etdiyini vurğuladı. Balkan ölkələrində ciddi şəkildə xristian-müsəlman və Avropa-Türk mübarizələrinin paralel olaraq getdiyini bildirən gənc araşdırmaçı Türkiyə Cümhuriyyətinin bu sahədəki siyasətini də yüksək qiymətləndirdi: “Ümumiyyətlə, mən bütün dünyada Türk birliyini ən çox istəyən və bu istiqamətdə ciddi addımlar atan yeganə güc mərkəzi kimi Türkiyə Cümhuriyyətini görürəm. Əsl saf İslamın yayılmasında və dünyada İslam birliyinin formalaşmasında da Türkiyənin bugünkü səyləri təqdirəlayiqdir. Həqiqətən də Türkiyə Cümhuriyyəti dünyadakı bütün türklərə, o cümlədən müsəlmanlara sahib çıxır.”

Sempozyum və ümumiyyətlə, Balkan regionu barədə fikir və münasibətlərini “Balkan gündəliyi” adı altında silsilə yazılarla oxuculara çatdıracağını bildirən Əhməd Şahidov Dağlıq Qarabağ konflikti ilə Kosovo arasında oxşarlıq axtarmağın düzgün olmadığını vurğuladı: “Balkan ölkələri barədə ciddi qeydlərim var. Burada gördüklərimi, yerli əhalidən, eləcə də müəyyən yerli ictimai-siyasi şəxslərdən eşitdiyim informasiyaları not şəklində özümdə qeyd eləmişəm. Bakıya dönən kimi onları bir yerə toplayıb analitik şəkildə ”Balkan gündəliyi” adlı geniş material hazırlamaq fikrindəyəm. Amma onu qeyd edim ki, Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ konfilkti ilə Kosovo sorunu arasında paralel aparanlar ya bu sahədə kifayət qədər məlumatı olmayan naşı insanlardır, ya da qərəzli şəkildə Azərbaycanın milli maraqlarına zərbə vurmağa çalışan təxribatçılardır.

Məsələ ondadır ki, Kosovonun müstəqilliyinin tanınması tamam başqa bir məsələdir. Yuqoslaviya Federativ Respublikasında milliyyətcə serb olan toplum hakimiyyət başında idi. Digər etnik azlıqların hüquqları kəskin şəkildə pozulurdu, milli azlıqlara qarşı soyqırım siyasəti yeridilirdi. Çoxlu sayda müsəlman albanlar, boşnaklar, eləcə də regionda yaşayan türklər soyqırıma məruz qaldılar. Soyqırımın miqyası artdıqca, dünya ictimaiyyətinin buna reaksiyası da sərtləşməyə başlayır və BMT-nin sülhməramlıları regiona daxil olur və serblərin qarşısını alır, həmin muxtar respublikalar da öz müstəqilliklərini elan edirlər.

Kosovo da 2008-ci ilin fevral ayında müstəqil dövlət olduğunu bəyan edir. İndiyə kimi dünyanın 69 ölkəsi Kosovonu müstəqil respublika kimi tanıyıb. ABŞ və Türkiyə Kosovonu tanıyan ilk ölkələrdən biridir. Rusiya, Azərbaycan və bu kimi digər ölkələr isə hələ də Kosovo adlı bir dövlət tanımırlar və onunla heç bir siyasi əlaqə qurmayıblar. Dağlıq Qarabağda isə vəziyyət tam başqadır. Burada tamam əksinədir. Burada soyqırıma məruz qalan elə azərbaycanlıların özüdür. Regionda artıq mövcud olan Ermənistan dövləti Azərbaycan Respublikası ərazisinin bir hissəsini işğal edərək, mənimsəmiş və qondarma “DQR” yaratmışdır. Bu haqsızlığı da bütün dünya qınayır. Heç işğalçı Ermənistanın özü də “DQR”i müstəqil respublika kimi tanımır”.