Xocalı dərdimiz Türkiyənin də sinəsində bir yaradır - Asif MERZİLİ - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Xocalı dərdimiz Türkiyənin də sinəsində bir yaradır - Asif MERZİLİ
Tarih: 23.02.2019 > Kaç kez okundu? 1158

Paylaş




Tarix: 19/2/2019

Fevralın 12-də qardaş ölkənin Kahramanmaraş şəhərində Xocalı Parkının və Ana fəryadı abidəsinin açılışı oldu



...Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniya çərçivəsində Türkiyənin Kahramanmaraş şəhərində salınan Xocalı Parkının və Ana fəryadı abidəsinin açılış mərasimində iştirak etmək üçün Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin (DAMM) rəsmi nümayəndələri olaraq Bakıdan faciəmizin daha bir tarixləşən ünvanına üz tutub yola düşdük.



Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin 1-ci vitse-prezidenti, İctimai Nəzarət Koalisiyasının (İNK) sədri Rasim Məmmədov, İNK-nın departament sədrləri- Fərid İsmayılzadə, Sadiq Hüseynov, eləcə də DAMM-nin Kahramanmaraş təmsilçisi Tural Şahbazlı bu tarixi hadisəyə şahidlik etmək üçün artıq Kahramanmaraşda idilər. Rasim Məmmədov hələ üç gün əvvəldən burada idi, parkın açılışı ilə bağlı görülən işlərlə son ana qədər nəzarəti həyata keçirirdi... Xalq artisti, “Şöhrət” ordenli Ramiz Quliyev, Milli Qəhrəman anası Gözəl Xasıyeva və mən isə bir neçə gün sonra Kahramanmaraşa çatdıq...



Kahramanmaraş Böyükşəhər Bələdiyyəsinin sədri Fatih Mehmet Erkoçdan Azərbaycana böyük sevgilərindən doğan möhtəşəm addım...



Onu da deyim ki, bundan əvvəl-ötən ilin oktyabrın 20-də Türkiyənin Kayseri şəhərində Xocalı parkı və “Ana heykəli”nin açılış mərasimində iştirak etmişdim. Qardaş Türkiyədən dövlət rəsmilərinin, eləcə də Rusiyadan gəlmiş 8 Duma üzvünün iştirakçılığı ilə baş tutan açılış mərasimində Azərbaycan Prezidentinin köməkçisi, professor Əli Həsənov, Ərciyəz Universitetinin rektoru Mustafa Çalış, Dumanın təmsilçisi Ramin Qasımov, Türkiyənin AK Partiya millət vəkili Şamil Ayrım, Azərbaycandan gəlmiş deputatlar- professor Şəmsəddin Hacıyev, Elman Məmmədov, Azərbaycanın Türkiyədəki səfirliyinin rəhbərliyi, eləcə də türkiyəli siyasətçilər, alimlər, DAMM-nin 1-ci vitse Prezidenti Rasim Məmmədov, Xocalı soyqırımı abidəsinin təşəbbüskarlarından olan Nəcəf Qənbərov, DAMM-nin vitse-Prezidenti, iş adamı Hacı Quliyev və bu sətirlərin müəllifi olaraq mən də iştirak etmişdik. Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov başda olmaqla, çıxış edənlərin hər biri Xocalı qətliamını dünyanın son yüz illik tarixində ən dəhşətli soyqrımlardan biri kimi qiymətləndirmişdilər.

...Bu dəfə milyonyarımdan çox əhalisi olan Kahramanmaraş şəhərində Xocalı parkının və eyni adlı abidənin açılışı məhz Kahramanmaraş Böyükşəhər Bələdiyyəsinin sədri Fatih Mehmet Erkoçun Azərbaycana sevgilərindən doğan möhtəşəm bir addımın nəticəsi idi. DAMM-nin 1-ci vitse Prezidenti Rasim Məmmədovun böyük zəhməti və təşəbbüsü, eləcə də DAMM-nin Kahramanmaraş təmsilçisi Tural Şahbazlının təşkilatçılığı bu möhtəşəm addımın reallaşmasına bir stimul idi. “Fatih Mehmet Erkocun bələdiyyə sədri olaraq atdığı bu addım tarixi bir hadisədir, onun Azərbaycana bu sevgisinin, Qarabağ dərdimizə, Xocalı faciəmizə könül yaxınlığını sözlə ifadə etmək mənim üçün çox çətindir”, -deyir DAMM-nin 1-ci vitse Prezidenti Rasim Məmmədov. Və məlum olur ki, ilkin mərhələdə təxminən hektaryarımlıq ərazidə salınmış Xocalı parkı şəhərin mərkəzi hissəsində, dağətəyi ərazidə olmaqla, ən vacibi, Türkiyə tarixində xüsusi ada malik “15 Temmuz Parkı” ilə üzbəüzdə salınmışdır. Sonradan öyrənirəm ki, iki tarixi hadisələrin daş yaddaşına çevrilən bu iki parkın üz-üzə salınmasında da bir məna fikirləşib Kahramanmaraş Böyükşəhər Bələdiyyəsinin sədri Fatih Mehmet Erkoç (parklar böyük bir prospektin sağ və sol hissələrindədir - RED.). Sən demə, Xocalı parkı salınacaq ərazidə köhnə tikililər olub, Mehmet Erkoç həmin tikililərin təcili sökülməsinə qərar verib, baxmayaraq ki, bu işlərin özü də böyük maliyyə tələb edib. Lakin ona parkın burada salınması ilə bələdiyyənin büdcəsinə xeyli əlavə yük olacağını deyən maliyyə köməkçisinə belə cavab verib: “Əgər mənim Azərbaycanımızın Xocalı faciəsinə münasibətim paralarımızla ölçüləcəksə, biz onda necə qardaş deyirik biri-birimizə?!”. Və sədr qərarında israrlı olub, təxminən bir ay ərzində ərazidə söküntü və təmizləmə işləri gecə-gündüz aparılıb. Üstəlik, qərara alınıb ki, həmin ərazidə daha 2-3 hektarlıq ərazidə olan ikimərtəbəli yaşayış evləri də gələcəkdə sökülərək Xocalı parkının ərazisinə əlavə olunsun.

O ki qaldı Xocalı parkı ilə “15 Temmuz Parkı”nın üzbəüz salınması qərarına, DAMM-nin 1-ci vitse Prezidenti Rasim Məmmədovun Kahramanmaraş Böyükşəhər Bələdiyyəsinin sədri Fatih Mehmet Erkoçun bu qərarını izahlayanda necə kövrəldiyini qeyd etməyə bilmərəm: “...Mən ondan bu barədə soruşanda dedi ki, “Bu ərazinin maddi qiyməti on milyon dollarla ölçülür... Amma mənim Azərbaycanımıza məhəbbətim bu paralarla ölçüləcəksə, məni qardaşlıqdan çıxarın! Mən bir bələdiyyə sədri olaraq öz hədiyyəmi etdim Azərbaycana! Təki Allah bizə şans versin, gedib tezliklə bu parkı Xocalıda, Qarabağda açaq... Xocalı Parkının “15 Temmuz”la üzbəüz salınmasını isə ona görə etdim ki, Kahramanmaraşa gələn rəsmilər, qonaqlar, turistlər və eləcə də şəhərimizin sakinləri “15 Temmuz Parkı”nı ziyarət edəndə yolun qarşı tərəfindəki Xocalı Parkını da ziyarət etsinlər...”. Kaş, onun puldan-paradan uzaq bu dəyərli qərarını verən ürəyi bizim bəzi məmurlarımızda da olaydı...”.



Mehmet Erkoç nümayəndə heyətimizi qəbul etdi və...



...Ünvana çatanda bizi Kahramanmaraş Böyükşəhər Bələdiyyəsinin sədri Fatih Mehmet Erkoçun köməkçiləri qarşıladılar və birbaşa bələdiyyənin baş qərargahına getdik.

Bu da, necə deyərlər, əsərin baş qəhrəmanı- Kahramanmaraş Böyükşəhər Bələdiyyəsinin sədri Fatih Mehmet Erkoç!

Bizi mehribanlıqla qarşılayan Mehmet Erkoç bir gün sonra açılışı olacaq Xocalı Parkının quruculuğundan, eləcə də 12 fevralda Kahramanmaraşın erməni-fransız qəsbkarlarından azad olunmasının 99 illiyinə həsr olunmuş möhtəşəm bayram nümayişindən danışdı...

Sonra xatirə şəkli çəkildi və Mehmet Erkoç bizi şəhərin seyrinə dəvət etdi.

DAMM-nin 1-ci vitse-prezidenti, İNK-nin sədri Rasim Məmmədov, Xalq artisti, “Şöhrət” ordenli Ramiz Quliyev, Milli Qəhrəman anası Gözəl Xasıyeva, mən-”Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili, İNK-nın departamet sədrləri Fərid İsmayılzadə və Sadiq Hüseynov, Bakıdan gəlmiş digər qonaqlar- Ayna Əlixanlı və Fəxrəddin Eyvazov, əvvəlcə Xocalı parkındakı son tamamlama işləri ilə tanış olduq, axşam isə Kahramanmaraş şəhərinin işğaldan azad olunmasının 99 illiyi paradına hazırlıq ərəfəsi bayram tədbirlərində iştirak etdik. Şəhərin elə bir küçə və meydanı yox idi ki, qələbəlik olmasın... Gecə yarıdan keçənədək Mehmet Erkoçla birlikdə şəhəri gəzdik, bayram şənliklərində qardaş ölkənin sevincinə şərik olduq, nəhayət, Kahramanmaraşın ən böyük prospektlərindən olan Azərbaycan prospektini gəzdik... İnsanların üzündəki sevinci və rəftarındakı mehribanlığı, qayğısızlığı görmək çox sevindirici idi.



Nümayəndə heyətimiz Kahramanmaraşın işğaldan azad olunması nümayişinə rəsmi dəvət aldı...



...Fevralın 12-də Türkiyə ictimaiyyəti və Kahramanmaraş şəhərinin sakinləri şəhərin erməni-fransız qəsbkarlarından azad olunmasının 99 illiyini bayram edirdi. Bayram tədbirinə Azərbaycan nümayəndə heyəti də rəsmi dəvət almışdı. Kahramanmaraş Böyükşəhər Bələdiyyəsinin sədri Fatih Mehmet Erkoçun rəsmi dəvəti ilə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, səfirliyin təhsil üzrə müşaviri Nəcibə Nəsibova, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin 1-ci vitse-prezidenti Rasim Məmmədov, Xalq artisti, “Şöhrət” ordenli Ramiz Quliyev, Milli Qəhrəman anası Gözəl Xasıyeva, DAMM-nin Kahramanmaraş təmsilçisi Tural Şahbazlı, mən- “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili, İNK-nın departamet sədrləri Fərid İsmayılzadə və Sadiq Hüseynov, Bakıdan gəlmiş qonaqlar- Ayna Əlixanlı və Fəxrəddin Eyvazov möhtəşəm bayram şənliyində iştirak etdik. Kahramanmaraşın işğalçılarla döyüşdə həlak olmuş qəhrəmanlarının iri portretləri asılmış maşın karvanları, qədim hərbi geyimli süvarilər, hərbçilər... möhtəşəm bayram mərasimini seyr edənlərə nümayiş etdirildi. Mərasimdə Türkiyənin vitse Prezidenti Fuat Oktay, AK Partiyanın sədr müavini Mahir Ünal, Kahramanmaraş Böyükşəhər Bələdiyyəsinin başqanı Fatih Mehmet Erkoç və Türkiyənin yüksək vəzifəli rəsmi şəxsləri iştirak edirdilər. Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, DAMM-nin 1-ci vitse-prezidenti Rasim Məmmədov, Xalq artisti, “Şöhrət” ordenli Ramiz Quliyev, səfirliyin təhsil üzrə müşaviri Nəcibə Nəsibova protokola uyğun olaraq rəsmi qonaqlar üçün qurulmuş səhnədə yer almışdılar.

Onu da deyim ki, bayram şənliyi ilə bağlı dövlət səviyyəsində yüksək təhlükəsizlik tədbirləri görülmüşdü. Kahramanmaraşın mərkəzi meydanında qurulmuş səhnədə isə qonaqlara şəhərin 99 il əvvəl düşmənlərdən azad edilməsini əyani əks etdirən teatrlaşdırılmış səhnələr göstərildi. İnsanları riqqətə gətirən bu səhnələr boyu ermənilərə lənətlər söylənildi, düşmən ölkənin təcavüzkar siyasəti qəti pislənildi.

Bayram şənliyində meydan boyu hər yeri Türkiyənin dövlət bayraqları bəzəyirdi. Şəhər al qırmızı bayraq rəngində necə də möhtəşəm görünürdü. Bu bayraqlar arasında Azərbaycanın üçrəngli bayraqlarını görmək və başımız üzərində dalğalandırmaq nə qədər qürurverici idi, bunu sözlə ifadə etmək çox çətindir. Şəhər sakinləri Azərbaycan bayraqlarını əlimizdən alaraq şəkil çəkdiridilər, “Yaşasın Türkiyə, yaşasın Azərbaycan!” nidaları ilə bizi salamlayırdılar.

Qeyd edim ki, bayram tədbiri Türkiyənin çoxsaylı televiziya, radio və qəzet, informasiya agentlikləri tərəfindən canlı işıqlandırılırdı. Həmin canlı yayımlarda Azərbaycan bayraqlarını görmək bizim üçün çox sevindirici idi.



Xocalı parkının açılışı canlı yayımlandırılırdı...



Beləliklə, Kahramanmaraş şəhərinin mərkəzi meydanındakı bayram nümayişi başa çatdıqdan dərhal sonra “15 Temmuz parkı”nın qarşısında “Xocalı parkı”nın açılış mərasimi başladı. Mərasim iştirakçıları bir dəqiqəlik sükutla Türkiyənin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların, eləcə də Xocalı şəhidlərinin xatirəsini yad etdilər. Ardınca Türkiyənin və Azərbaycanın dövlət himnləri xorla oxundu...

“Xocalı parkı”nın açılış mərasiminə başlanıldığı elan olunandan sonra DAMM-nin Kahramanmaraş təmsilçisi Tural Şahbazlı çıxış edərək parkın açılımasında böyük dəstək verən dəyərli insanlara, xüsusən də Kahramanmaraş çəhər Bələdiyyəsinin sədri Fatih Mehmet Erkoça dərin təşəkkürünü çatdırdı.

Sonra Azərbaycanın Türkiyədəki Səfirliyinin mədəniyyət üzrə müşaviri Nəcibə Nəsibova çıxış edərək qonaqların diqqətinə Xocalı faciəsinin ötən əsrin ən böyük dəhşətlərindən biri olduğunu, Ermənistanın uzun bir tarixdən bəri Azərbaycana qarşı torpaq iddiası ilə müharibə elan etdiyini çatdırdı, Xocalıda dinc sakinlərə qarşı görünməmiş vəhşiliyin törədildiyini qeyd etdi.

Sonra Xocalı Parkının açılmasında böyük zəhməti olan, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Prezidenti, Xalq yazıçısı Çingiz Abdullayevin, DAMM-nin 1-ci vitse-prezidenti Rasim Məmmədovun parkın açılması üçün etdikləri müraciətinin icrası üçün əlindən gələni edən Kahramanmaraş Böyük şəhər Bələdiyyəsinin sədri Fatih Mehmet Erkoç çıxış etdi. Sayın Erkoç Xocalı parkının açılmasının Kahramanmaraş şəhərinin ermənilərdən azad edilməsinin 99 illiyi bayramı gününə tasadüf etməsini tarixi hadisə kimi dəyərləndirdi, parkın açılmasını özünün bir bələdiyyə başqanı olaraq mənəvi borcu, qardaşlıq vəzifəsi olduğunu diqqətə çatdırdı.

Çıxış edən DAMM-nin 1-ci vitse-Prezidenti Rasim Məmmədov Xocalı parkının açılmasının böyük bir tarixi hadisə olduğunu dəyərləndirərək ilk növbədə Türkiyə Prezidenti cənab Rəcəb Təyyub Ərdoğana və Azərbaycan Prezidenti cənab İlham Əliyevə hər iki ölkə arasındakı belə bir qardaşlıq və mehribanlıq şəraitinə görə dərin minnətdarlığını ifadə etdi. O, xüsüsi olaraq parkın açılmasında sözlə ifadəsi mümkünsüz olan bir diqqətəlayiq addım atdığına görə və belə bir möhtəşəm tarixi hadisənin reallaşmasındakı xidmətlərinə görə Kahramanmaraş Böyükşəhər Bələdiyyəsinin başqanı Fatih Mehmet Erkoçun DAMM İB-nin təsis etdiyi “Əbədi lider” Qızıl döş nişanı və diplomla təltif edildiyini elan etdi. Alqış sədaları altında təltifolunma mərasimində Milli Qəhrəman anası Gözəl Xasıyeva döş niçanını sayın Erkoçun sinəsinə taxaraq ona sayğılarını ifadə etdi.

Açılış mərasimində eləcə də Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim çıxış etdi, “Xocalı parkının açılması o deməkdir ki, Türkiyə ilə Azərbaycanın-iki qardaş ölkənin sevinci kimi dərdi, faciəsi də birdir”, -deyərək bu işdə zəhməti keçən hər kəsə minnətdarlığını çatdırdı.

Nəhayət, parkın açılışı oldu. Mehmet Erkoç və DAMM İB-nin 1-ci vitse-prezidenti Rasim Məmmədov, eləcə də Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim “Ana fəryadı” abidəsinin qırmızı lentini kəsdilər.

Elə buradaca Azərbaycanın Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli, Dövlət mükafatı laureatı Ramiz Quliyev Türkiyə TV-ləri qarşısında çıxış etdi:

- Əziz dostlar! İstər bir şəxsin, istər bir ailənin, istərsə də bir millətin dərdi olsun, dərd dərddir. Bu günə qədər hələ heç bir dərdin, heç bir faciənin şiddət və ağırlıq dərəcəsini ölçən hər hansı cihaz ixtira edilməyib. Sadə bir insanın ağrı-acısı da, bir ailənin kədərli müsibəti də, bir xalqın matəmi, faciəsi də özlü-özlüyündə çox hüznlü dərddir. Xocalı şəhəri Yer kürəsinin xəritəsində çox kiçik bir nöqtədir. Amma düz iyirmi yeddi il bundan əvvəl - 1992-ci il fevralın 26-da baş vermiş soyqırımı hadisəsi oranı bizim müasiri olduğumuz illər və bütün gələcək tarix üçün insanlığın diqqət mərkəzində əbədi ibrət nümunəsi kimi qalmağa məhkum etdi. Məhz həmin gün Xocalı şəhərinin misli görünməmiş qəddarlıqla məhv edilməsi bəşər faciələrinin ən dəhşətlisi oldu. Erməni hərbi birləşmələri 366-cı motoatıcı alayı ilə birlikdə qadınlara, uşaqlara, qocalara aman vermədən yüzlərlə insanı xüsusi vəhşiliklə qətlə yetirdi, onları hərb tarixində analoqu olmayan işgəncə verməklə öldürdü, təhqirlərə məruz qoydu. Öz amansızlığına, vəhşiliyinə, kütləviliyinə və törədilən cinayətlərin ağırlığına görə Xocalı faciəsi insanlığın tarixində qara ləkə kimi qaldı.

Azərbaycan hökuməti erməni şovinist millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətləri, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir.

Bu, qəhrəman Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur. Heydər Əliyev Fondu və “Xocalıya Ədalət” kompaniyası Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağı qarşısına məqsəd qoyub. Məlumat üçün bildirim ki, “Xocalıya Ədalət” kompaniyasının yaradılması təşəbbüsü 2008-ci il 8 may tarixində Şuşanın işğalının ildönümü günü Heydər Əliyev Fondunun Vitse-Prezidenti, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru, çox hörmətli Leyla xanım Əliyeva tərəfindən irəli sürülüb. Hal-hazırda faciənin mənəvi, siyasi və hüquqi müstəvidə tanınmasına yönəlmiş bu kampaniya dünyanın 100-ə yaxın ölkəsində uğurla həyata keçirilməkdədir.

Bu kampaniyaya daha ürəkdən qoşulan və dəstəkləyən isə bizim qanı bir, canı bir əziz türk qardaşlarımızdır. Məhz Türkiyə Respublikasının Cumhurbaşqanı sayın Rəcəb Təyyub Ərdoğanın Azərbaycan xalqına, onun Prezidenti cənab İlham Əliyevə olan Ali diqqətinin nəticəsidir ki, bu kampaniya qardaş respublikanın bütün şəhərlərində daha geniş və əzəmətlə qeyd olunur. Bu gün Azərbaycan dövləti, onun rəhbəri Prezident cənab İlham Əliyev və ölkənin Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsiplərinə uyğun ədalətli həlli, ərazilərimizin işğaldan azad edilməsi üçün məqsədyönlü və ardıcıl iş aparırlar.

Bu gün dövlətimiz və xalqımız iqtisadi, siyasi və mənəvi cəhətdən müqayisəolunmaz dərəcədə güclənib, müstəqil Azərbaycan dövləti dünya siyasətinin mühüm faktoruna çevrilib.

Qətiyyətlə inanırıq və ürəkdən əminik ki, Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmlənməsi, sərhədlərimizin toxunulmazlığının və ərazi bütövlüyünün təmin edilməsi Xocalı şəhidlərinə və xalqımızın bütün qəhrəman övladlarına ucaldılan möhtəşəm abidə olacaqdır!

***

Sonra Xocalı şəhidlərinin ruhuna dualar oxundu, qonaqlar parkda gəzinti oldu.

***

...Bəli, Xocalıda törədilənlər sadəcə, faciə deyil, son yüz ilin ən böyük faciəsidir, soyqırımdır! Bu şəhərdə Ermənistan qoşunları tərəfindən dinc sakinlərə, körpə və qocalara, qadınlara... qarşı insanlığa sığmayan vəhşilik törədilib. Tarix bu vəhşiliyi unutmayacaq! Əgər biz onu unutmasaq... Bunun üçün isə həmin dəhşətləri tarixləşdirən nişanələri əbədi tarixə çevirməliyik. Biz bu tarixləşmənin qardaş Türkiyədə ikinci parkını yaratdıq, gələcək nəsillərə yadigar qoyduq. Bir borcumuz qalır: Xocalı şəhidlərinin narahat ruhunu şad etmək! Bunun isə bir yol var: Xocalı erməni işğalından ən tez zaman içində azad edilməli, Xocalı şəhidliyinin xatirəsi məhz orda yad edilməli, qisas qiyamətə saxlanılmamalıdır!!!



Asif Mərzili,

Bakı-İstanbul-Kahramanmaraş-İstanbul-Bakı