Ulu, ünlü Türkiyəm - Nigar SULTANLI - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Ulu, ünlü Türkiyəm - Nigar SULTANLI
Tarih: 19.03.2018 > Kaç kez okundu? 1325

Paylaş


Türkiyə haqqında dolğun məlumat almaq üçün Türkiyəni gəzmək, oradakı insanlarla, onların həyat şəraiti ilə tanış olmaq, Türkiyə təbiəti ilə təmasda olmaq lazımdır. Onda Türkiyənin bu cəhətləri ilə onun haqqında mətbuatda, kitablarda yazılanları, yayımlanan filmləri tutuşdurub obyektiv fikir söyləmək olar. 2017-ci ilin avqust ayında biz ailəlikcə Türkiyəyə yola düşdük. Avqust ayının 12-də Türkiyəmizin ulu Trabzon şəhərinə gəlib çatdıq. Qalmaqçın Trabzon şəhərinin “Trabzon star” pansionunda yer aldıq. Azərbaycandan, onun Baş Şəhəri Bakıdan gəlmiş olduğumuzu biləndə pansionun müdürü Ahmet bəy və onun işçiləri bizi sevinclə, doğmalıqla qarşıladılar. “Trabzon Star” pansionunda təmizlik, səliqə, qayda-qanun, nizam intizam öz yerində idi. Pansionun başkanı, işçiləri kültürlü, mehriban idilər.

Elə İlk gün trabzonluların çox sevdiyi, görüşmək, tanışlıq, ünsiyət yeri olan, tən ortasında Ulu Mustafa Kamal Atatürkün heykəlinin ucaldığı “Meydan”a getdik. “Meydan”ın tən ortasında müdrik dövlət başçısı, əfsanəvi siyasətçi, yenilməz sərkərdə, bütün türklərin Atası Qazi Mustafa Kamal Atatürkün əzəmətli heykəli ucalırdı. Heykəlin yanında foto yapdıq.

Olduğumuz hər yerdə qazi Mustafa Kamalın şəkilini, büstünü, heykəlini, təsvirini görmək olurdu. Dünya türklərinin Atası Qazi Mustafa Kamal Atatürk bütün dünyada rəğbət bəslənən, sevilən bir şəxs olub. Böyük Öndər hələ zalım rus-sovet imperiyası dönəmində Azərbaycanda yaxşı tanınırdı, sevilirdi, haqqında söz açılırdı. Xalqımız onunla fəxr edirdi.

Bütün Türklərin Atası Qazi Mustafa Kamal Atatürkün yaşadığı, dincəldiyi, düşündüyü, çalışdığı, görüşlər keçirdiyi, mütaliə etdiyi “Atatürk Köşkü” Trabzon şəhərinə bitişik dağın üstündə, meşəlik, çəmənlik, gül-çiçəklər əhatəsində yerləşir.

Böyük Öndərin işlədiyi, dincəldiyi otaqları, oxu zalını, qəbul otağını, kitabxanasını, yataq otağını, mətbəxini, yemək otağını görmək çox maraqlı idi. Mustafa Kamal Atatürk boyda azman bir insanın, azman devlət hizmətçisinin, dünya sərkərdəsinin belə sadə yaşam şəraiti adamda onun kimi millətini, devlətini, insanlığı sevən bir şəxsin mevcudluğu haqqında dolğun bilgilər verir, təsəvvür yaradır, onun son dərəcə böyük insan olduğunu təsəvvürdə canlandırırdı. Böyük öndərin köyünü ziyarət etməyə gələn Atatürksevərlərin ardı-arası kəsilmirdi. Bunların sırasında Türkiyəyə aralarında çoxsaylı ərəblər də olan turist sifətilə gələnlər çox idi. Gələnlər belə sadəliklə belə nəhəngliyin çulğaşdığını görüb başqa təmsil olunduqları devlətlərin başçılarıyla, sərvət, şöhrət, qənimət düşgünləriylə qarşılaşdıraraq heyrətlənirdilər. Məncə böyüklük deyəndə, Mustafa Kamal Atatürk böyüklüyünü anmaq gərəkdir. Onda böyüklüyün, devlət başçısı böyüklüyünün nə demək olduğu da insan zehnində özünə yer eləyər...

Trabzonda ərəblər çox idi. Hər yerə doluşmuşdular. Onlar haraya, hansı dükana, marketə girirdilərsə, oradan aşırı sayda geyim malları, ev avadanlıqları, məişət əşyaları alırdılar. Onlar ərəb turistlər idi. Söhbətlərindən Türkiyədə məskunlaşmaq məqsədi daşımadıqları, öz Vətənlərini çox sevdikləri aydın olurdu.

Məqsədi Türkiyəyə turist axınının qarşısını almaq, Türkiyəni zəiflətmək, parçalamaq olan ardıcıl terror aktı törədiləndə, Türkiyə ilə alqı-satqı ilişgiləri kəsiləndə Səudiyyə Ərəbistanının Şahzadəsi Türkiyəni rahatsız olmamağa çağırdı, dedi, rahatsız olmayın, Türkiyənin kənd təsərrüfatı məhsullarını biz alacağıq, Türkiyəyə turist axını bizlərdən olacaq. Bu vəd doğruldu. İndi Türkiyənin kənd təsərrüfatı məhsullarını ərəblər alırlar, oraya turist axını da ərəb ölkələrindən baş verir.

Türkiyə Cümhuriyətinin başkanı cənab Rəcəb Təyyub Ərdoğanın dediyi kimi, Türkiyə Cümhuriyəti türklərin Vətənidir və türk xalqı xayın gözlə baxanın gözlərini hər zaman oymuşdur, bundan sonra da oyacaqdır. İş odur, bütün dünyanın tarixdən süzülüb gələn qənaəti də hər zaman belə olmuşdur. Tarix türklərlə yalnız düz danışanın hayatda qazanmış olduğunun şahidi olmuşdur.

Avqustun 14-də turist maşını ilə Trabzondan 3-4 saatlıq uzaqlıqda olan Uzungöl İstirahət Mərkəzinə yollandıq. Uzungölə aparan yol təqribən Trabzondan 150-200 kilometr ucalıqda olan ormandan başlayırdı. Öncə təpəsi çox ucalıqda olan başqa bir dağ gəlirdi, sonra başlanğıcını dağın təpəsindən götürən dere, sonra bu ucalıqda dağ, sonra bu ucalığı müşaiyət eləyən dərə... Silsilə dağlar, onların müşaiyətçisi olan silsilə dərələr... Bir-birinə arxa duran dağlar da, dərələr də sıra ilə düzülmüşdü, br deyildi, iki deyildi...

Uzungölə aparan yoldan dağın başına sarı baxanda adamın gözü qamaşırdı. Dağlar dik deyildi, elə bil, toprağı bərk-bərk qucaqlamışdı, sanasan, toprağın ondan ayrılacağından, harayasa gedəcəyindən ehtiyatlanır, onu buraxmayacağını bildirirdi. Dağlar yamyaşıl ormanlarla örtülü idi.

Dağların başını duman bürümüş, sanasan, onu ağ örpəklə çalmalamışdı. Dağların sayı qədər də dərələr vardı. Dağlar ormanlarla, yaşıllıqlarla örtülmüşdü. Dərələrdən şarhaşarla çaylar axırdı. Elə bil, bu dərələr, bu çaylar dağların keşiyini çəkirdi, deyirdi, xayın amalla dağa doğru gələn olsa, onu öz selində boğacaqdır. Bu, Türkiyə torpağının möcüzəli mənzərələrindəndir. Uzungölə çatdıq. Burada təbiətin göz oxşayan, qəlb riqqətə gətirən gözəllikləri Uzungölün gözəlliyini daha da artırırdı. Uzungölün yörəsində alış-veriş mərkəzləri, çay evləri, kafelər çalışma yapırdı, hər yanında hər şey yerli-yerində, nizam-intizam öz yolunda...

Arabir dağların başını saran duman bir az qatılaşıb buluda çevrilərək dağ boyu aşağı enməyə başlayır, birdən göy guruldayır, göydən yağış tökür, necə tökür... Hamı qaçıb ticarət köşklərində, dincələcəklərdə, kafelərdə, restoranlarda daldalanır. Yağış yağması 15-20 dəqiqə çəkir. Yağış səhliyir, heç nə olmamış kimi gün çıxır, yenə dincələn dincəlməyində, alış-veriş edənlər öz işlərində, seyirçilər də öz seyirçiliklərində...

Sevimli dağlar, dərələr, çaylar, ormanlar! Siz bir-birinizə arxasınız, bir-birinizi qoruyursunuz, bir-birinizin mötəbər keşikçəkəni, əzizi, Böyük Türkiyənin ürəklərdə boylanan sevimlisisiniz! Sizlər heç zaman unutmasın, bütün türklərin sevinc, qürur, güvənc yeri, dayağı, böyük Vətəni Türkiyə kimi əzəmətli, möhtəşəm bir Cümhuriyətin ərazisindəsiniz. Möhtəşəm Türkiyə Cümhuriyəti, onun yenilməz, mərd, qəhrəman evladları yüzillər boyu sizləri göz bəbəyitək qoruyub, indi də sevə-sevə, əzizləyə-əzizləyə qoruyur, sizlərlə qürur duyur və insanlıq tarixi uzandıqca sevə-sevə, əzizləyə-əzizləyə qoruyacaq, yaşadacaqdır, sizlərə xayın baxan gözləri oyacaq, yad niyətləri ürəklərdə qoyacaqdır. Eşq olsun sizlərə, sizlərin sədaqətinizə, vüqarınıza, etibarınıza!

Uzungöldən sonra, ertəsi gün Sera Gölünə yollandıq. Yenə də Evşən isimli qız bizim müşayietçimiz oldu. Elşən işini yaxşı bilən, Vətəninə xidmət etdiyini dürüst anlayan, bu işi həvəslə yerinə yetirən, sevincli, gülərüz qız idi. Evşən Azərbaycandan – Bakıdan gəlmiş olduğumuza görə bizə doğma yanaşırdı, Azərbaycanın Türkiyəyələ qardaşlığını da unutmayıb yeri düşdükcə vurğulayırdı. Uzungöldə olduğu kimi Sera Gölünün də yolunu təbiət gözəllikləri müşayiət edirdi. Burada da sıldırım qayalıqların başında ağaclar kök atıb daşları qucaqlamışdı, elə bil, daşların qopub haraya isə gedəcəyindən ehtiyatlanırdı. Ən maraqlılarından biri ormanlarda çoxsaylı meyvə ağacları, dağların döşündə isə yamyaşıl çay plantasiyaları...

Burada da dincəlməkçün gözəl şərait vardı, burada da Trabzon bələdiyəsi Türkiyəyə ucalıq gətirəcək işlər görmüşdü. Oradakı gölün bir sahilində dincəlmək üçün yaxşı şərait vardı. Bizim diqqətimizi isə, gölün üst yanındakı cəngəllikdəki “Piralı” adlı restoran çəkdi. Piralı adam ismi kimi bizə Azərbaycandan tanış idi. Buraya maşın yolu yox idi. İki kilometri ayaqla getdik. Restoran olduqca mənzərəli yerdə idi. Buradakı xidmət həm də Türkiyəmizin kültür göstərisi kimi yadımızda qaldı. Bakıdan gəldiyimizi biləndə, bizə doğmalıq göstərirdilər. Bütün xidmətlərindən razı qaldıq. Biz qayıdarkən qaranlıq düşmüşdü. Restoranın müdiri Mehmet Altun özəl maşını ilə bizi Trabzona gediş yoluna çıxartdı.

Səhəri gün Aydar Dərəsinə getdik. Burada da Türkiyədəki ilk gəzinti yerlərimizdə olduğu kimi, təbiət gözəllikləri zövqümüzü oxşayırdı. Türkiyənin təbiəti kimi gəzintinin təşkili də ürəkaçan idi. Sonra Trabzon Şəhər Muzeyində olduq. Muzey əski zamanlara aid nəsnələrlə zəngin idi. Muzeydə gördüklərimizin bir çoxu necə varsa Azərbaycanda, Azərbaycan kəndlərində ötən yüzilin 60-cı illərinədək işlədilirdi. Trabzonun bulvarını gəzdik, seyr etdik. Trabzon bələdiyələri burada gözəl şərait yaratmışdı. Qara Dənizin ləpədöyəninə tonlarla çəkisi olan, sal qayadan qoparılmış daşlar döşənmişdi.

Çal Mağarası haqqında çox eşitmişdik. Hələ Bakıda ikən bu mağaranı görmək arzusunda idik. Avqustun 18-də (2017) Turist maşını ilə mağaraya getdik. Yol uzunu görməli yerləri seyr etdik. Mağaraya gedən yol boyu köylər sapa düzülmüş kimi sıralanırdı. Köylərdə meyvə, qoz-fındıq ağacları, bostan bitgiləri, səbzələr, heyvançılıq sahələri mövcud idi. Yol dağlarda burula-burula bizi Çal Mağarasına çatdırdı. Buraya çoxsaylı turistlər gəlmişdilər. Onlar arasında ərəblər daha çox idi. Mağaraya çox soyuq idi, tavandan buz asdanmışdı. Mağaranın tavanı 20-25 metr enində sal daşdan ibarət idi, içində 10 tonlarla ağırlıqlı nəhəng daş parçaları vardı. Mağara aşırı dərəcə soyuq idi, onun içindən çay axırdı, tavandan buz sallanırdı, çayın yan-yörəsindəki daşlara taxta döşəyərək körpü düzəldilmişdi. Biz körpüsayaq döşənmiş bu 200 metrlik uzaqlığı körpünün üstü ilə getdik. Geri dönərək mağaranın 2-ci mərtəbəsinə qalxdıq. Divardakı əskinin altında Çal Mağarası haqqında qısa bilgi yazılmışdı. Bilgiyə görə Çal Mağarasının uzunluğu 25 kilometrdir. Mağara, buradakı örgütçülük gələnləri heyrətləndirirdi.

Yolçuluğumuzu başa vurandan sonra Trabzona qayıtmalı olduq. Oraya dəstə-dəstə gələnlər qayıtmaq üçün də maşın kirələmişdilər. Bizim dəstənin maşını Trabzona qayıtmışdı. Ona görə, yaxındakı kənddən maşın çağırmalı olduq. Maşın bizi Düz Köyədək apardı. Düz Köydə şəhər tipli çoxqatlı evlər ucalırdı. Burada geniş çeşidli alqı-satqı, mədəni-məişət obyektləri, müntəzəm işləyən yolçudaşıma işləri... Düz Köyün böyük ölkənin çağdaş köyü olmasından soraq verirdi. Geri dönməkçün Düz Köyün Trabzona işləyən otobusuna mindik. Otobus Böyükşəhər Bələdiyəsinin bağımlığında idi. Otobusda bir elan diqqətimi çəkdi. Yazılmışdı: “65 və ondan aşırı yaşda olan yolçular, 7 yaşadək çocuklar gediş haqqı ödəmirlər”. Yaşı 65-dən yuxarı olan iki nəfərimizdən və 7 yaşdan aşağı olan iki nəfərimizdən gediş haqqı almadılar. Bu, Türkiyə Bələdiyələrinin öz xalqına, Türkiyəyə gəlmiş qonaqlara göstərdiyi xidmət örnəklərindən olmaqla yanaşı, Türkiyə Cümhuriyyətinə sayqının, bağlılığın görsənişi idi.

Bulvara getdik. Bulvarın mənzərəli, tarixi abidəsi olan, dəniz səthindən hündür və dənizə bitişik yerlərində çay evləri, dincərlik düşərgəsi gözəl dincəlmə yerləridir. Əski Trabzonun Türkiyəyə əzəmət verən qədim Samsun adlı möhtəşəm qardaşının olduğunu da eşitmişdik...

Trabzonda keçirdiyimiz xoş, sevincli günlərimizi davam etdirməkçün səhəri gün axşam otobusla Samsuna yola düşdük. Səhər saat 7-də oraya çatdıq. Şəhərin mərkəzində yer alan Altay otelində yerləşdik. Otelin yiyəsi bizim Bakıdan gəldiyimizi görəndə bizə qardaş dedi, Azərbaycanla Türkiyənin qardaş olduğunu fəxrlə vurğuladı. Trabzondan sonra Samsunda belə mehriban qarşılanmamız olduqca anlamlı idi. Biz Türkiyədə sözdə yox, əməldə doğmalıq gördük. Oteldə yaşadığımız müddətdə bizə çox böyük sayğı göstərildi. Bu sayğını otelin təkcə rəhbərliyi deyil, işçi heyəti də göstərirdi. Oteldə təmizlik, səliqə-sahman, nizam-intizam yerli-yerindəydi. Bütün cəhətlərinə görə Türkiyənin adına münasib olan bir otel idi. Müdür başda olmaqla işçilrə də həpsi kültürlü, tərbiyəli, intizamlı adamlar idilər. Şəhərə çıxdıq, Qazi Mustafa Kamal Atatürkün at üstündə ucalan möhtəşəm heykəli yanında şəkil çəkdirdik, tər-təmiz, səliqəli bağda “Böyükşəhər bələdiyəsi” yazılmış oturacaqlarda oturub gəlib-gedənləri, buradakı mühiti müşahidə etdik.

Samsunun Anıt Parkında 1928-1931 illərində yapılan və Samsunun simvoluna çevrilən Atatürk Anıtında, şahə qalxmış at üstündə əskəri geyimdə Böyük Öndər Mustafa Kamal Atatürk canlandırılır. Burada Böyük Öndərin Samsuna çıxışı və Milli Mücadilsini vurğulayan qabartma figurlar yerləşir. Atatürk Bulvarındakı İlk addım Anıtı isə Atatürkün 19 May 1919-cu ildə Milli Mücadiləni başlatmaq üzrə Samsuna çıxdığı sahədə yer alır. Əlində çələng tutan gənç qız və uçuş görünüşündə göyərçin tutan kişi heykəlləri Samsuna çıxışı simvollayan anıtı tamamlayır.

Qazi Mustafa Kamal Atatürkün bu möhtəşəm gəlişi və buna yaraşan qəbulu müşahidə etmək anı qürurverici bir an idi. Bu möhtəşəm mənzərədən ayrılmaq çətindi. Böyük Öndərə olan sevginin sonsuzluğu diqqətimizi çəkməkdə idi.

Trabzonda Atatürk Köşkü, Uzungöl, Sera Gölü, Çal Mağarası... Türkiyəyə şöhrət gətirən gəzməli, görməli yerlər olduğu kimi, Samsunda da gəzməli, görməli yerlər insanda bu günə, tarixə, gələcəyə səyahət ovqatı yaradırdı.

Avqustun 18-də Amazon Köyünə getdik. Samsunda Amazonlar və Amazon Köyü insanı əski tarixə səyahət etdirir. Samsunun Amazonların yaşamış olduqları guşəsini gəzməyimiz də çox yaddaqalan, olduqca maraqlı yerlərindəndi.

Amazonlar döyüşkən qadınlar qəbiləsi olduğu tarixdən yaddaşlarımızda qalıb. Amazon Köyünün adı savaşçı Qadın Toplumu olan Amazonlardan götürmüşdür. Deyilənə görə, “Amazon" adı kamandan ox atmağın asan olması üçün qızların sağ döşlərinin yandırılması adətindən meydana gəlib. Amazonlar bütün vaxtlarını döyüşlərdə keçirir, ox-kaman, döyüş baltası ilə, yüngül qalxanlarla silahlanırmışlar, özlərinə də dəbilqə və paltarlar düzəldirmişlər. Amazonlar öz nəsillərini davam etdirməyi qonşu tayfaların erkəkləri ilə yerinə yetirirmişlər. Bu birgələşmədən doğulan oğlan uşaqlarını ya öldürür, ya da atalarına verir, qızları isə özlərinə götürərmişlər.

Tarixdən bilindiyinə görə, Samsun bölgəsi Amazon qadınlarının yaşadığı bölgə olub. Arxeoloqlar və tarixçilər araşdırmalar sonucunda Amazonların miladdan öncə 300-cü illərdə Termə Çayı sahmanında, Amisos Təpəsinin ətəyindəki zolaqda Temiskira adlı kənddə (Amazon Köyündə) yaşadıqlarını isbat etmişlər. Amazonlar Samsunda yaşayıblarsa, onda Türkiyə, türk xalqı onlara sahib çıxmaya bilməzdi. 2010-cu ildə Batı Parkda yapılan Amazon Adası kanal vasitəsilə Qara Dənizdən ayrılmış ayrıca bir adadır. Adada eynı zamanda Amazon kanalı, qayırma dayanacaq, balıq restoranları və əyləncə yerləri yerləşir. Burada böyük bir Amazon Qadın Heykelini yapmışlar. Heykəlin hündürlüyü 15 metr, eni 4 metr, ağırlığı isə 6 tondur. Amazon Adasında yerləşən Amazon Heykəlinin biri sağında, o biri solunda olmaqla “Anadolu Aslanları” adlandırılan iki heykəl bulunur. Samsun, bir çox nöqtələrindən görülə bilən Amazon qadını və “Anadolu Aslanı” heykəllərilə tanınır.

Tarixdən bilindiyi kimi, Amazonların əsl yeri Orta Asiyadır. Orta Asiyalılar soy olaraq da Türkdürlər və İskitlerin qalıqları kimi tanınırlar. Amazonlar sadəcə qadın savaşçı bir topluluqlar və tarixə də savaşçı sifətiylə keçmişlər. Amazonlar dönəmin bütün savaş alətlərini inanılmaz bir başarıyla işlətmişlər, kişi ordu ilə qarşı-qarşıya döyüşmüşlər.

Türkiyənin Trabzon və Samsuz bölgələrindən aldığımız təəssürat bu qədər geniş, bu qədər sevindirici idi. Türkiyədə İstanbul, İzmir, Antaliya və onlarca belə möhtəşəm bölgələr var...

Azərbaycan Dövlət Mədəniyət və İncəsənət Universitetinin müəllimi Sənətşünaslıq üzrə fəlsəfə doktoru Nigar SULTANLI

30.09.2017