Ermənistanın istədiyi o şeydir, ona nail olması özündən asılı deyil. - Bəhmən SULTANLI - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Ermənistanın istədiyi o şeydir, ona nail olması özündən asılı deyil. - Bəhmən SULTANLI
Tarih: 05.07.2017 > Kaç kez okundu? 1322

Paylaş


Zaman gələcək, erməni öz “erməniliyi”ndən bezikəcək.

Ermənistanla bölünməz malımız yoxdur

ATƏT-in Minski Qrupu 25 ildir Ermənistana və Azərbaycana gəlib-gedir, hər dəfə “Ermənistan-Azərbaycan münaqişəsi”nin ağlabatan bir səbəb göstərmədən müharibə yolu ilə həllini istisna edir, yalnız sülh yolunu mümkün sayırlar. Bir-birinin ağzına tüpürmüş kimi Qərb dövlətləri də bunu deyirlər. ATƏT həmsədrləri atəşkəsin pozulması faktını müşahidə edəndə hər iki tərəfi (Ermənistanı, Azərbaycanı) məzəmmət edir, danlayır. Nəzərə almırlar, atəşkəsi pozan Ermənistandır, cəzalanan da Ermənistan olmalıdır. Bu hal Ermənistanda arxayınçılıq yaradır və ATƏT həmsədrləri oradan uzaqlaşmamış Ermənistan yenidən atəşkəsi pozur və pozmaqda davam eləyir. Ermənistan əslində, Azərbaycanın danlandığını hesaba alır, özünün danlanmasının nəzərə almır. Görünür, onlar Ermənistana “işində ol, narahat olma, özünə sərf eləyən yolla get” deyirlər. Doğrudur, onlar zaman deməsələr də, məsələnin Azərbaycanın “ərazi bütövlüyü” çərçivəsində həll olunacağına söz verirlər. Ancaq, bu sözdə də Ermənistan üçün heç bir təhlükə duyulmur. Onlar ədalətli olduqlarını ortaya qoya bilməyiblər. Belə olan halda, güman etmək olar, “ərazi bütövlüyü” deyəndə hazırkı gerçək ərazini nəzərdə tutsunlar. Bu oyunlar “gizlənpaç” oyunlarına bənzəyir, deyilən sözlərdən də bizə xeyiri olmayan sözlərin, özlərinə sərf eləyən “bic” sözlərin qoxusu gəlir. Ona görə də ATƏT-in həmsədrləri heç kimi öz sözlərinin səmimiliyinə inandıra bilməyiblər.

Bir də, burada dolaşıqlıq var. “Ermənistan-Azərbaycan münaqişəsi (buna münaqişə demək olarsa – B.S.)” gerçəkdə ATƏT-lə bağlı olduğu halda, az qala bütün Qərb dünyasını bu məsələdə ikili mövqe tutmaqda suçlayırıq. Ancaq məsələ tamam başqa cürdür. Rusiya və Qərb dövlətləri zamanında Ermənistanı şirnikləşdirmək yolu ilə təhrik edərək onunla Azərbaycan arasında amansız müharibə alovlandırıblar və işlərini də elə bu başdan uzaqgörənliklə ehtiyatlı tutdular. Ermənistanı şirniklənmiş durumda saxlayıblar, Azərbaycanı isə, ağır bir problem qarşısında qoyublar. Məqsədləri bəhrələnmək üçün bu durumlardan istifadə etmək olub. Onlar Ermənistanın Azərbaycana təcavüzü sonucunda baş verən qanlı müharibəni öz adıyla “Ermənistan-Azərbaycan müharibəsi” kimi deyil, gah “Dağlıq Qarabağ problemi”, gah “Dağlıq Qarabağ münaqişəsi”, gah da “Ermənistan-Azərbaycan münaqişəsi” adlandırıblar. Bizim siyasətçilər isə, Beynəlxalq örgütləri işğalçını öz adıyla adlandırmamaqda suçlayırlar, “işğal olunmuş ərazilər” fikrini işlədirlər. Münaqişə zamanı ərazi işğal olunmur, qanlı olaylar, talanlar, dağıntılar, soyqırım faktı baş vermir. Beynəlxalq örgütlər bu hüquq normasını bilirlər və buna görə də hadisənin ədalətsiz “Ermənistan-Azərbaycan münaqişəsi” adına əsaslanıb “işğal” sözünü işlətmirlər. Dövlətlər və siyasətçilər üçün hadisə “Ermənistan-Azərbaycan münaqişə”si adına görə sadə bir məsələ sayılaraq maraq daşımır. Odur, biz nə qədər çalışsaq da gerçək müharibənin ağlasığmaz fəsadlarını dünyada sözü keçən siyasətçilərdən kimə isə anlatmağa nail ola bilmirik. Dünya dövlətləri bizim dediklərimizə bir zarafat kimi baxır, qanlı, dağıdıcı, talançı müharibədən yan keçərək “münaqişə” adlandırılan olayın “Azərbaycanın ərazi bütövlüyü” çərçivəsində aldadıcı “sülh yolu ilə” həlli tələbini (hə, tələbini!) irəli sürürlər. Bununla, onlar əslində, özləri də “sülh yolu” deyimi işlətməklə, Ermənistanla Azərbaycan arasında müharibə olduğunu düşünmədən təsdiqləmiş olublar. Çünki, münaqişə baş verəndə sülh deyimindən heç bir söhbət gedə bilməz (“münaqişəni sülh yolu ilə həll etmək” gülünc, düşük səslənər). “Sülh" sözü yalnız müharibə” sözü ilə əks qütbdə dayanaan sözdür.

Bir də, Ata-babadan bəri eşitdiyimiz, bildiyimiz kimi, münaqişə bölünməz mal üstündə olar. Ermənistanla Azərbaycan arasında heç zaman bölünməz mal olmayıb, indi də yoxdur. Münaqişə ciddi fəsad vermədən barışıq, “danışıqlar yolu ilə” (erməni arxaduranlarının təkidlə başımıza ağıl qoyaraq dediyi kimi) tənzimlənər. Ermənistanla Azərbaycan arasında doğrudan da münaqişə olsaydı, tərəflər heç ATƏT kimi bir fərsiz “araçı”ya da ehtiyac duymadan onu öz aralarında özləri ədalətlə həll edə bilərdilər. Əslində, Ermənistanla Azərbaycan arasında baş verən hadisənin qanlı, ədalətsiz müharibə olmasını göstərmək heç bir çətinlik törətmir. Hamının bildiyi, hamının gözü qabağında baş verən faktdır, Ermənistan Azərbaycana təcavüz edib və onun torpaqlarını işğal edib, uşaqdan-böyüyə, cavandan-qocaya kütləvi insan qırğını, həm də soyqırım olayı törədib, Azərbaycanın şəhərlərini, kəndlərini viran qoyub, mədəniyət abidələrini, muzeylərini, məsçidlərini, məktəblərini, xəstəxanalarını vandalcasına dağıdıb, insanları öz yurd-yuvalarından kütləvi şəkildə didərgin salıb, əmlaklarını talayıb. Bu boyda olayı adiləşdirə-adiləşdirə “münaqişə” kimi qələmə vermək ermənilərə arxa duranların istəklərinə çatmaları üçün gərək olan diplomatiyanın güclənməsinə yardımçı olmaq üçündür. Bunları biz niyə demirik, nəyçün qabartmırıq? Ermənistanın təcavüzü sonucunda ölkəmizə ölçüsübilinməz maddi və mənəvi zərbələr, ziyanlar vurulub. Ey Rusiya, ey qərblilər, ey xristian başbilənləri, özlərini haqq, ədalət carçısı adlandıran ədalətsizlər, özünüz deyin, bu, münaqişədirmi? Biz anlayırıq, təcavüzü elə-belə, sadəcə olaraq “münaqişə” adlandırmadınız. Cənablar, sizin bu bicliyinizi elə o zaman da anlayırdıq!

Ermənistanın Azərbaycana təcavüz etdiyini, Azərbaycana ölçüyəgəlməz ziyanlar vurduğuna sübut eləmək üçün faklar axtarmağa ehtiyac yoxdur. Çünki bunları Ermənistan Respublikasının Azərbaycan ərazisi Dağlıq Qarabağdan olan prezidentləri R.Köçəryan və S.Sarqızyan böyük nüfuzlu AŞPA-nın sessiyasında nümayəndələrin iştirakında və dünyanın gözü qarşısında öz boyunlarına alıblar. Bununla belə, arxaduranlar Ermənistanı Azərbaycanla əsassız müharibəyə təhrik eləməkdə heç də yaxşı iş görmədiklərini, şeytan əməli ilə məşğul olduqlarını, bəd ayaqda ermənilərin onları satacaqlarını bilməmiş, qanmamış olmazlar. Ermənilərin çıxış yolları yoxdur, aldadılıb ədalətsiz müharibəyə timədiliblər, canlı qüvvə və maddi sarıdan mənasız itkiyə məruz qalıblar, ölkə əhalisini çıxılmaz, acınacaqlı duruma salıblar, dünyada işğalçı, qaniçən xalq imici qazanıblar. Ermənilər arxaduranlarına onlara ermənilər vasitəsilə öz əməllərini tarix boyu ədalətsizliklər üzərində qurduqlarını, işğalçılıqla məşğul olduqlarını, talançılığa, soyğunçuluğa qurşandıqlarını sübut edərlər. Onların siyasətçiləri dəfələrlə belə anonslar veriblər. Bu ədalətsiz, yaramaz işləri erməni arxaduranlarını tarix qarşısında rüsvay edər. Ona görə məsələnin həlli, özü də ədalətli həlli nə ermənilərin, nə də arxaduranlarının xeyirinə deyil. Bu baxımdan, onlar az-çox umudu həlli gecikdirməkdən umud gözləyirlər.

Ölkəmizə Ermənistanın təcavüzü başlanan gündən buyana yuxarıda vurğuladığım məntiqə söykənərək “Dağlıq Qarabağ münaqişəsi”, “Dağlıq Qarabağ problemi” və “Ermənistan-Azərbaycan münaqişəsi” bizə çox ziyanlar gətirə biləcəyini, Ermənistan diplomatiyasının ayaqlarından olduğunu zamanında anlamışam, heç zaman belə deyimləri qəbul etməmişəm (bax.: “Dağlıq Qarabağ problemi, yoxsa Vətən savaşı”? And qəz., 02 fevral, 1994). Siyasi partiyaların yığıncaqlarındakı çıxışlarımı iştirakçılardan yada salanlar tapılar. Ancaq, hansı səbəbdənsə, indiyədək bunları nə nəzərə alan, nə də əksini sübutlamağa cəhd edən kəs tapılmayıb. İndi isə, bildiyimiz kimi, 1988-ci ildən başlanan amansız Ermənistan-Azərbaycan müharibəsi ilə diplomatiyamızın irəliləməsinə, torpaqlarımızın işğaldan azad olunması ilə bağlı səylərimizə əngəllərdən birincisi və başlıcası “Dağlıq Qarabağ Münaqişəsi”, “Dağlıq Qarabağ Problemi” deyimləridir.

Yuxarıda vurğuladığım kimi, dünya dövlətlərinin Ermənistan-Azərbaycan müharibəsi kimi amansız, qanlı müharibəni “münaqişə” kimi tanıması, bu səbəbdən də buna önəm də verməməsi acınacaqlı, üzücü faktdır.

Ermənistan müharibəyə başlayıb, Azərbaycanda olduğu kimi, onlar da həm canlı qüvvə, həm də iqtisadi baxımdan çoxlu itgilər veriblər. Yaxşı, o, torpaqları heç bir qazanc götürmədən qaytarsa, axmaq yerində qalmazmı? Deməzlərmi, ay səbatsız erməni, buna görəmi çalışırdın, buna görəmi özünü bütün dünyada qaniçən, işğalçı, vandalizmlə məşğul olan məxluq kimi tanıdırdın?

Bütün bu dediklərimi nəzərə alıb deyirəm: məsələnin sülh yolu ilə ATƏT-in və Ermənistanın arxaduranlarının dirənişli təklifi çərçivəsində ədalətli həlli mümkünsüzdür. Torpaqlarımız geri qaytarılsa yalnız, yalnız və yalnız müharibə yolu ilə qaytarıla bilər.

27 iyun 2017