Bəlkə... - Prof. Dr. Bəhmən SULTANLI - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Bəlkə... - Prof. Dr. Bəhmən SULTANLI
Tarih: 21.08.2018 > Kaç kez okundu? 1038

Paylaş


Qazanmaq istədiyini xərcləyən üzükölgəli, qazandığını xərcləyən alnıaçıq olar

Bəlkə...

Mətinin savadından, biliyindən, ağlından razı qalmayan yox idi. Beş-altı uşaq Atasıydı. Uşaqları böyütmək, boya-başa çatdırmaq, oxutmaq, iş-güc, ev-eşik sahibi eləmək lazımdı. Uşaqlar böyüdükcə Mətinin bir Ata olaraq boynundakı yük ağırlaşırdı. Ehtiyac yarandıqca tanış-bilişdən çoxlu borc götürürdü. Borclular da varlı-karlı adamlar deyildi. Onlar da maddi çətinliklərlə üz-üzə qalan adamlar idi. Onlar tez-tez qapını kəsib borcu qaytarmağı tələb edirdilər. Məti ali təhsil alıb müəllim peşəsinə yiyələnmişdi. Atası-Anası da müəllim olmuşdu. Özü də evdə işləməkçün yetənəkli tək adam idi. O, işləməkçün çox çalışmışdı. Ancaq indi daha iş axtarmırdı, çünki əmək haqqı ilə borclarını ödəyə bilməyəcəyini anlayırdı. Zamanında iş tapıb işləmiş olsaydı, əmək haqqı heç olmasa ailənin gündəlik xərclərini az da olsa ödəyə bilərdi.

Mətinin evində gözə dəyəsi heç nəyi yox idi. Olan-olmazını satıb sovmuşdu. Borca girmək, alverlə məşğul olub ailəsini dolandırmaq, həm də borcları qaytarmaq arzusuna düşdü. Doğrudur, qonşuları, tanış-bilişləri arasında da o yolla gedənlər olmuşdu. Ancaq onlar istədiklərini əldə edə bilməmişdilər, ev-eşikləri də əllərindən çıxmışdı. Mətinin bundan bilgisi vardı. Ancaq o “məndə bəlkə belə olmadı” deyə qərarını qətiləşdirdi. Arvad-uşaq qonşuların o yolla getdiyini, ev-eşiklərinin belə, əllərindən çıxdığını andırdılar və onu bu yoldan çəkindirmək istdilər. O isə, məsələnin bir başını düşünüb fikrindən dönmədi. “Qonşuların baxtı gətirmədiyinə görə işləri alınmadı, bəlkə mənim baxtım gətirəcək” fikrini başında dolandıra-dolandıra hər dəfə arvad-uşaqlarını acıladı. “Yox, heç zaman indi düşündüklərim ağlıma gəlməmişdi. İndi cəsarətə gəlib düşündüm-düşündüm axır yaşamağın yolunu tapdım” deyə arvad-uşağına ürək-dirək, təskinlik verdi. Nə etmək olardı, arvad-uşaq razı olmasa da o, uşaq deyildi, ali təhsilli müəllim idi, evin böyüyüydü, çətinliklərdən çıxmaq yolunu daha çox özü düşünüb tapa bilərdi.

Məti borc almaqçın çox qapılar döydü. Ancaq, sonda borcu xəzinələrdən götürməyi daha münasib sandı. Hər şərtə razı olduğunu bildirib bir xəzinəni razı sala bildi. Şərt isə, ağırdı. Mətinin tələb etdiyi məbləğə girov bir beşotaqlı, bir ikiotaqlı mənzil tələb olunurdu. Mətinin özünün beşotaqlı mənzili vardı, bilmirdi ikiotaqlı mənzili necə etsin. Çox düşündü, çox daşındı, axır çıxış yolunu qardaşında tapdı. Qardaşının ikiotaqlı mənzili vardı və öz qardaşından mızayğa eləməzdi. Bir çətinlik ortada idi, o çətinlik də Mətinin qardaşından uzun müddətdən bəri para borclu olmasındaydı. Qardaşı da imkansız idi, o da ağır şəraitdə yaşayırdı. O, qardaşının evini girov qoymaq istəməsini bildirməkçün söz deməyə, onu inandırmağa özündə güc axtardı. Çox çətindi. Çünki qardaşının da ailəsi böyük idi və ümidi də həmin ikiotaqlı mənzilə gəlirdi. Ola bilər, qardaşı razılaşardı. Qardaşının ailəsi isə, buna razı olmaya bilərdi.

Bir gün Məti cürətə gəlib qardaşıyla görüşdü, ona məqsədini dedi, həm də ondan çoxdan borc aldığını yada saldı, qaytara bilmədiyinə görə qardaşından utandığını bildirdi. Qardaşı çox sevdiyi əziz qardaşının sözündən də çıxa bilməzdi. Məti ilk qazancından ona olan borcunu ödəyəcəyinə, sonra da hər zaman kömək eləyəcəyinə söz verdi. Mətinin sözündə yalan ola bilməzdi, çünki o, nə özü, nə də qardaşı yalançı deyildi, çıxdıqları ailə də çox təmiz, çox saf və doğrucul ailə idi. Ancaq bircə soruna cavab tapmaq qalırdı: o, dediyi qazancı əldə edə biləcəkdimi, əldə edə bilməsəydi necə olacaqdı? O, isə qazanc əldə edə bilməyəcəyi haqqında heç düşünmürdü də. Çünki onun gözü qarşısında qaz vurub-qazandolduran adamlar da yox deyildi. Ancaq, elələrinin arxasında kimlərin, hansı simsarlığın, hansı yerlilərin durduğunu unudurdu. Mətiyə elə gəlirdi, çətini əsas maya əldə eləməkdir, maya olandan sonra qazancı qaz vurub-qazandoldurmaq həddində olacaq, üst-üstə yığılıb qalmış borclarını da qaytaracaq, hələ üstəlik neçə-neçə adama da əl tutacaq. Buları o yoxsulluğun sitəminin təntitdiyi xəyalına gətirirdi. Xəyalları onu maya tapmaqdan, çoxlu para qazanmaqdan savayı heç nə haqqında düşünməyə imkan vermirdi.

Məti qardaşının mənzilini girov qoymaq istədiyini arvad-uşağına deyəndə onlar öncə buna razı olmadılar. Dedilər, qonşularımız borc içində itib-batan Hüsü, Həsi və Məsi də “bəlkə əlim gətirdi” deyə öz mənzillərini, həyətyanı torpaq sahələrini girov qoyub borc aldılar, nədi-nədi, aldığı paranı maya eləyib “bəlkə əlim ətirdi” deyə, alverlə məşğul olacaqlar və əldə etdikləri qazancla daim gözləri yol çəkən arvad-uşaqlarını, ac-yalavac qohum-qardaşlarını da çörəyə çatdıracaqlar. Umudları puça çıxdı, heç nə əldə edə bilmədilər. Bununla, “it də getdi, ip də”. Borca para verənlər olan-olmazlarını da əllərindən çıxartdılar, yenə də borclu qaldılar. İndi onların harada olduqları, harada yaşadıqları belə, bilinmir. Deyirlər, hərəsi bir yana səpələnib. Arvad-uşaqlarını da bir yerə yığa bilmirlər. İntihar edənlərinin olduğunu deyənlər var. Neynəsinlər, neçə müddət küçələrdə, orda-burda qalmaq olar...

Bütün bunları gördükləri halda, Mətinin özünü də, qardaşını da “bəlkə”lər şirnikləndirmişdi. Düşünürdülər, bəlkə əli gətirdi, Məti dediyi qazanca çatdı! Onun milyonlar qazanacağına qardaşı da özünü inandırmışdı. Deyirdi, Allah fürsət verər, işləri düz gətirər. Deyirdi, mən qardaşımın çoxlu para qazanacağına inanıram. Bəlkə əli gətirdi, elə, bir gündə milyondan da aşırı para qazandı! Sonra da para paranı gətirdi, bir milyon oldu iki milyon, iki milyon oldu üç milyon... Belə olanda bizim borc verdiyimiz o “qəpik-quruşu” da qaytaracaq, hələ üstəlik bəlkə bizə də gərəyincə köməyi dəyəcək. Məti qəlbitəmiz qardaşdır. Ola bilməz, qazandığı milyonlardan bizə verməsin, ola bilməz, qardaşı uşaqlarını ehtiyac içində saxlasın. Qardaş mənimdir, onu tanıyıram, əliaçıqdır, bizi də bu ağır durumdan çıxartsa o çıxardacaq. Yox, mən Mətini əliboş qaytara bilmərəm. Arvad, evin sənədlərini gətir, aparıb qardaşıma verəcəyəm. Bəlkə bizim də “atımızın alnına gün doğdu”...

Arvadı evin sənədlərini tapıb gətirdi, kişi aparıb qardaşına verdi. Məti öz evinin də sənədlərini götürdü, taksi tutub sevinə-sevinə xəzinəyə yollandı. Sənədləri göstərdi, götürmək istədiyi paranın da məbləğini dedi. Sənədləri o yan-bu yana aşıran xəzinə yetkilisi o civarda paranı verməkçün zəhməthaqqı olaraq üstəlik para verməsini Mətidən tələb etdi. Məti düşündü, xəzinə yetkilisi ona borc verməyə də bilər, verirsə, bunun zəhməthaqqı da olmalıdır. Çünki eşitdiyimə görə qayda hər yerdə belədir. Düşündü, yaqin burada da qanun belədir. Xəzinə yetgilisi ilə məsələni tündləşdirmək istəmədi. Dedi, bu anda parası yoxdur, indi verəcəyi tutarın üstündən götürsün, o verdiyi zəhməthaqqı heç gözünə görünməyəcək. Xəzinə yetkilisi Mətini belə gülərüz gördükdə onun da ürəyi açıldı, üzü güldü. Mətiyə dedi, gərək özəl tutarın 5-6 faizini verəsən. Mətiyə para gərək idi və bu paranın verdiyi gəlirin yanında çox da böyük tutar olmadığını beynində oynadıb razılaşdı. Ürəyində dedi, inşallah bəlkə əli gətirdi, o boyda qazancın yanında verdiyi zəhməthaqqı nədir!

O, paranı aldı taksi tutub sevinə-sevinə evinə, arvad-uşağının yanına yollandı. Yol boyu satışçun alacağı malları elə hey götür-qoy elədi, onların alış-satış qiymətlərini düşünüb ürəyində hesabları. Hesablamaları elə alış-verişinin birinci günündə çox böyük qazancı olacağını göstərirdi. Düşünürdü, bəlkə birinci lap aşırı oldu, qazancından bütün borcunu ödəyə biləcək, borclularını sevindirəcək! Bəlkə xəzinədən olan borcunun da bir hissəsini, ya da elə hamısını ödəməyə gücü çatacaq! Evə çatanda arvad-uşaqlarını necə sevindirəcəyini xəyalına gətirdi, bu başdan özünün sevinci birə-beş artdı. Bunları xəyalında canlandırıb arvad-uşağını görməyə tələsdi.

Sevinc içində, gülər üzlə evə çatdı. Arvad-uşağı Mətini uzaqdan görüb qabağına yüyürdülər. Məti işinin düzəldiyini, çoxlu para ala bildiyini onlara gülə-gülə, sevinə-sevinə dedi. Düzdür, sevinsələr də, ürəkdən sevinə bilmirdilər. Çünki elə bu yaxınlarda qonşularının başına gələnləri yadlarına salıb üzülürdülər. Özlərini onların yerinə qoyurdular canlarına üşütmə düşürdü. Bunu Mətiyə deməyə də ehtiyatlanırdılar. Düşündülər, hamının işləri düz gətirməyə bilər, qonşular da həmin o işi düz gətirməyənlərdən ola bilərlər. Bir də, Məti yenə deyərdi mənim işimə qara doğrayırsınız, işlərim düz gətirmir. Məti paradan bir az cibinə qoyub yabançı pasport almaqçın taksi tutub məntəqəyə yollandı. Məntəqəyə çatıb sevincək məqsədini bildirdi. Məntəqə yetkilisi onlarca Məti kimiləri yola salmışdı. Dəsbəçə Mətini də anladı və “yabançı pasport almaq sənin haqqındır, ancaq əlin cibində olsun” dedi. Məti onu öncədən anlamışdı və hazır gəlmişdi. Tez sevincək cavab verdi: “bəy elə əlim cibimdədir, arxayın olun!”. Yetkili dedi əlini cibindən çıxart, bizim zəhməthaqqımızı ver, sonra... Məti əlini cibindən çıxartdı, “zəhməthaqqı”nı verdi və pasportu aldı. Sevincək, bir taksi saxlatdırdı evinə, arvad-uşağının yanına qayıtdı.

İndi Məti müəllim artıq, yola çıxmağa, işə başlamağa hazır idi. Elə bu gün yola düşəcəyini şəstlə arvad-uşağına bildirdi, “bir-iki günə qayıdaram, sizə nə gətirim?” dedi. Səfər hazırlığı görmək lazım olduğunun tapşırığını verdi. Arvad-uşaq evin “cibidolu” böyüyünün tapşırığını yerinə yetirməyə başladı. Çox geçmədi, hər şey hazır oldu. Arvad dedi, axı, sən hələ bilet almamısan, necə gedəcəksən? “Rahatsız olma, arvad, beş-on manat zəhməthaqqı verəcəyəm, bilet tapılacaq” deyə arvadını əndişədən qurtarmaq istədi. Kişinin borc pulları belə əliaçıqlıqla ona-buna zəhməthaqqı qismində paylaması arvadın üzünü güldürsəydi də, əndişəsini bir az da artırırdı. Məti müəllim nigaran-nigaran deyirdi: “qonşuların başına gələnlər bəlkə mənim başıma gəlmədi, onda gör, borcdan neçə çıxacağam, ailəmi necə də xoşbaxt dolandırağağam!”. Arvad-uşağı səfərinin haraya olacağını soruşanda O, qonşu ölkəyə - İrana yola düşəcəyini bildirdi. Bir qədər də pul qoydu evdə, dedi, bir-iki günə gələcəyəm, çəkinməyin, geninə-boluna xərcləyin...

Belə çıxmasın, guya Məti müəllim qonşularının başına gələnləri yada salmırdı! Yox, yadına salırdı, ancaq bu, onun ovqatını bulaşdırırdı. Öz-özünə deyirdi, bəlkə əlim gətirdi, bəlkə işlərim öz axarı ilə getdi, onda gör mənim uşaqlarım necə də xoşbaxt olacaqlar! Evdə sağollaşıb taksi ilə yola düşdü. Bilet işi də asanca düzəldi, zəhməthaqqı qismində para verməliydi, onu da artıqlamasıyla verdi, biletini alıb böyük sevinclə yola düşdü.

Mənzil başına çatan kimi bazar soruşdu, bir neçəsinin yerini öyrəndi. Bazarlardan birinə getdi. Orada istədiyi qədər meyvə vardı, ancaq başlıca qazanc gətirən məhsullardan yeralması və soğan yox idi. Soruşdu, soğan və yeralması bol olan bazarın adresini dedilər. Xeyli düşündü, oraya getsə, birdən işdir, orda meyvə olmaz. Dedi, yaxşısı budur, meyvəni burdan alım, maşın tutub o biri bazara aparım, orada da soğan və yeralması alıb yükləyərəm bir maşına apararam. Belə etsəm, bəlkə daha çox qazanaram! O, məqsədini deyəndə meyvəsatanların xoşuna gəldi. Məti müəllim meyvənin qiymətini soruşdu. Onun naşılığını görüb meyvəni ona ikiqat baha qiymətə verdilər. O, düşünürdü, burada yalan danışmazlar, insafsızlıq eləməzlər. Çünki İran məmləkəti dindarlıq olan ölkədir. Bir neçə ton meyvənin parasını ödədi. Meyvəni maşına yükləyib deyilən bazara apardı. Burada lazımınca yeralması və soğan vardı. Mal yiyələrinə yaxınlaşıb onlardan yeralması və soğan aldı, maşına yükləyib yola düzəldi. Gömrükdə ondan rüsumdan savayı zəhməthaqqı qismində para tələb etdilər. Məti gömrükdə zəhməthaqqı verəcəyini hesaba almamışdı, olan paranı meyvəyə, soğana, bir də yeralmasına xərcləmişdi. Yalnız yolxərci saxlamışdı. Gömrükçülər ayıq olur axı! Onun malını burada buraxmadılar. O, zəhməthaqqı verib malı buraxdırmaqçın evə qayıtmalı oldu. Evdə də para yox idi. Gedəndə ailə üçün qoyduğu paranı da xərcləmişdilər. Qonşularda, yaxın adamlarda da borc üçün para olmadı. Zaman Mətini gözləmirdi. Gətirdiyi mal çürüyüb yararsızlaşa bilərdi. Onda Məti müəllim o qədər borcu necə ödəyəcəkdi? Bunları ağlına gətirdi və düşündü, bəlkə çürümədi, onda borclarımın hamısını qaytaracağam, öz ailəmin də dolanışığı üstəlik artıqlamasıyla özümə qalacaq.

Ölkədə hər işə “zəhməthaqqı” almaq imkanı olanların pulu-parası başından aşırdı, yerdə qalanlar yoxsul idilər, bir-birindən azca yaxşı, ya da azca pis yaşayırdılar. Mətinin bir yolu qalmışdı, o da Türkiyəyə və Rusiyaya çörəkparası qazanmaqçün getmiş qohumlarından kömək istəmək. İrandan mal gətirdiyini, satıb qaytaracağını deyib telefonla danışıq parası borc almaq çətin başa gəlmədi. Ancaq, bu para qonşunun uşaqlarının iki günlük çörəkparası idi. Qohumları Mətinin durumunu anlayıb ona para çatdıracaqlarına söz verdilər və verdikləri sözə yalançı çıxmadılar da. Onlar Məti müəllimə doğrudan da para göndərdilər. Bu paralar on gündən sonra gəlib Mətiyə çatdı. Artıq, igirmi gün idi Mətinin malları gömrükdə idi. Para əlinə çatan kimi o, gömrüyə yollandı, tələb olunan “zəhməthaqqı” məbləğini çatdırdı və mallarını oradan çıxarda bildi. Baxıb gördü, malın çoxu çürüyüb. İlk zərbə ona elə, burada dəydi. Qalan malı ikiqat qiymətə də satsaydı, təkcə xəzinədən götürdüyü borcdan çıxa bilməyəcəkdi.

Məti malın qalanını satmaqçın bazar tapmalıydı. Axtardı, gördü, bazarlarda yerləri arxalı alverçilər tutublar, “başqası”nı bazara buraxmırlar. Yalnız bunlar bazarlarda mal sata bilərdilər. Məti çox çalışdı, çox vuruşdu, mallarını satmaq üçün yer tapa bilmədi. Artıq, qalan mallar da çürüməyə başlamışdı. Bazarın səlahiyətlisi Mətiyə bir künc vermək üçün ondan “zəhməthaqqı” istədi. Ancaq Mətidə “zəhməthaqqı” verməyə para qalmamışdı. Borc almaq üçün yenə qohum-qardaşa üz tutdu. Hamısına da İrandan mal gətirmiş olduğunu, satıb borcu qaytaracağını deyirdi. Hamısı da para verib Mətini çətinlikdən qurtarmaq istəsə də, bu, mümkün olmurdu. Çünki onun borc istədiyi insanlarda ailənin xərclərini ödəməyə belə, para yox idi.

Bir keçmiş ürək dostu ölülük-dirilik üçün ehtiyata saxladığı paranı ona verdi. Bu bir neçə günə Mətinin qalan mallarının bir hissəsi də yararsız hala düşmüşdü. O, gətirdiyi paranı bazar yetgilisinə verməli oldu. Bir neçə gün çalışsa da malları işə getmədi. Çünki ona mal satmağa güclü, imkanlı adamlar imkan vermirdi. Evdən gəlib gündəlik ehtiyaclarçın para istəyirdilər, borclular da fürsət tapmış kimi gəlib borclarını geri qaytarmağı tələb edirdilər.

Məti müəllim artıq başını itirmişdi. Xəzinəyə olan borcu bir yana qalsın, borca para aldığı adamlar da verdiklərini geri qaytarmaqçün onun alverinə ümid bəsləmişdi. Bu ümidi Məti özü onlara vermişdi, özü demişdi, alverçün İrana gedir, yaxşı para qazanacaq, borclarının hamısını ödəyəcək, hələ əlində maya da, ailəsini dolandırmaqçın bəlkə əlində əlavə para da qalacaq! Hansı bazara getdisə orada mal əlindən tərpənmək olmurdu...

Bir neçə gündən sonra xəzinə ona verdiyi borcu geri almaqçın xəbər göndərdi. Məti müflis hala düşdüyüyçün bir manat da qaytarmaq imkanında deyildi. Xəzinə bir manatından da keçən deyildi. Onun verdiyi borcu geri qaytarmağa gücü çatırdı. Mətinin girov qoyduğu mənzilləri satışa çıxartmaq lazım gəldi. Tək Mətinin öz evi satılmayacaqdı, para üçün xəzinəyə girov qoyulmuş evlər, həmçinin qardaşının evi satılacaqdı. Xəzinə Mətiyə ya borcu qaytarmaq, ya da evləri satışçın boşaltmaq tapşırığı verdi. Onsuz da xəzinənin borcunu qaytarmaq üçün Mətinin heç bir imkanı yox idi. Onunçün çox çətin, çox ağır durum yaranmışdı. Mətinin qardaşı da ailəliydi və hər iki ailə gündəlik çörəyə möhtacdı. Ancaq xəzinənin əlinə mənzilləri satmaqçün elə buna görə girəvə düşmüşdü. Onların ailələrinin olduğunu, mənzillər satılsa ailələrin harada qalacaqları xəzinəni heç düşündürmürdü də. Xəzinə yetgililəri əllərinə girəvə düşəndə özləri əngəl törədirlər, evlərini, var-yoxlarını əllərindən çıxardıb özləri varlansınlar. Verdikləri müddət başa çatdı. Tökülüşüb gəldilər, onların ev əşyalarını, özlərini bayıra tökdülər, gözləri tutan ev əşyalarına da tamah salıb dəyər-dəyməzinə özləri aldılar.

Mətinin gözləri qarşısında qonşularının, neçə-neçə tanış-bilişinin də başına belə olaylar gəlmişdi. Ancaq o, bütün bunlardan sonuc çıxartmağa gücsüz olmuşdu. Çünki insan yoxsullaşanda onun yanlışları da çoxalır. Bu, təcrübədir, həyat təcrübəsi! “Bəlkə”lər onunçün saman çöpünə döndü, həyat onu boğanda xilas üçün “bəlkələr”dən yapışırdı. “Bəlkə”lər isə onun ziyanına işlədi. Məti və qardaşı mənzildən, ev əşyalarından mərhum olub təsəvvür oluna bilən duruma düşdülər...

Məti bu üzüntülü günündə tələbəlik illərində dostluq elədiyi bir şəxslə rastlaşdı. Dostu Mətini bu durumda görüb xeyli rahatsız oldu. O, Mətidən nə baş verdiyini soruşdu, dedi, sən həmişə gülərüz, mehriban olardın, indi nə olub belə üzüntülü görünürsən? Məti öncə dərdini dostuna danışıb onun ovqatını təlx eləmək istəmədi. Dostunun əl çəkmədiyini görüb hər şeyi olduğu kimi dedi. Dostu Məti üçün faciəyə çevrilmiş bu durumu eşitdikcə sarsılsa da bu sarsıntısını ona bildirmək istəmədi...

Ancaq o, fikrini Mətiyə bildirməkdən vaz da keçə bilmədi. Çünki axı, həyat bununla bitmirdi! Tələbəlik dostu özünün də həyatdan aldığı dərsi Mətiyə, onun qardaşına bəlirtməli oldu, dedi: “Göründüyü kimi, sizlərin və sizin kimilərin güvənc yeri yalnız “bəlkə”lər olur, başqa heç nə olmur. Ancaq, gərək biləydiniz, hər bir “bəlkə”nin iki üzü var: bir üzü “bəlkə istədiyim kimi oldu”dur, ikinci üzü isə, “bəlkə istədiyim kimi olmadı”. “Bəlkə istəmədiyim kimi oldu”nın ardınca gedənlərin çoxu aldanmış olur. Onlar belə halda çox zaman böyük çətinliklərə, çıxılmaz bəlalara düçar olurlar. Sən özün, qonşuların, tanış bilişlərin bütün işlərinizdə “bəlkə mənim baxtım gətirdi”, “bəlkə işlərim yaxşı getdi” deyib özünüzü arxayın salmısınız. Belə olan halda çıxılmaz çətinliklərlə üz-üzə qalmısınız.

Sizlərin ağlınıza gəlməyib “bəlkə”nin “bəlkə istəmədiyim kimi oldu” tərəfini düşünüb incələyəsiniz, münasib yol tapasınız...

İş odur, cinayət törədənlərin də çoxu əl qoyduqları cinayət əməllərində “bəlkə məni tutmadılar”, “bəlkə ələ keçmədim”deyə özlərini cinayətə əl atmağa şirnikləndirirlər və sonucda, cinayət törədib ələ keçirlər”.

İnsan gərək düşünsün, onun istəyinin əksi baş versəydi, onda nə edəcəkdi?! Onlar belə halda heç nə edə bilməyəcəklərini öncədən bilsələr, nəfs dalınca gedib cinayət törətməzlər. Göründüyü kimi, “bəlkə”lər də cinayətlərin şəriki olurlar...





Yorumlar









Aktif Ziyaretçi 29
Dün Tekil 1349
Bugün Tekil 1193
Toplam Tekil 4074469
IP 3.140.185.147






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























15 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Asil yetimler anadan babadan de il, ilim ve ahlaktan yoksun olanlard r. (HZ. AL )


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.788 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu